Sumqayıtda koronavirus pandemiyasına qarşı görülən tədbirlər müzakirə olunub
Ölkəmizin hər yerində olduğu kimi Sumqayıt şəhərində də Koronavirusa qarşı aparılan tədbirlər davam edir, sanitar epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanır, qabaqlayıcı tədbirlər həyata keçirilir.
Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə koronavirus pandemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı komissiya yaradılıb.
Bu gün Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərliyi ilə komissiyanın geniştərkibli iclası keçirilib. İclasda Sumqayıt şəhərində koronavirusa pandemiyasına qarşı aparılan tədbirlər haqqında ətraflı məlumat verilib, bu istiqamətdə görülən işlər müzakirə olunub.
Vurğulanıb ki, Azərbaycanda Koronavirusla bağlı məsələ ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən də elə ilk gündən nəzarətdə saxlanılmış, Nazirlər Kabineti 2020-ci il 30 yanvar tarixində Azərbaycan Respublikasında yeni Koronavirus xəstəliyinin qarşısınin alınması ilə bağlı fəaliyyət planını təsdiq edilib. Ölkəmizdə ilk Koronavirus infeksiyasına yoluxma faktı qeydə alınan kimi ölkə başçısının tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Sumqayıt şəhərində yaradılmış komissiya tərəfindən də şəhər sakinləri arasında maarifləndirici tədbirlər görülür, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara əməl olunmasına ciddi şəkildə nəzarət həyata keçirilir.
Qeyd olunub ki, şəhərdə fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət, gənclər, sənaye, nəqliyyat, məcburi köçkünlərin sıx məskunlaşdığı yataqxanalar, böyük ticarət mərkəzləri, avtovağzal, dəmiryolunda və şəhərin müxtəlif yerlərində (park, bulvar, meydanlarında) qrafik üzrə müntəzəm olaraq tibbi proflaktik dezinfeksiya işləri aparılmış və bu gün də aparılmaqdadır.
Şəhər icra hakimiyyətinin başçısı bir daha şəhər sakinlərindən xahiş edib ki, çox ciddi zərurət olmadğı təqdirdə küçəyə çıxmaqdan çəkinsinlər. Özlərinin, ailə üzvlərinin və uşaqların təhlükəsizliyini təmin etmək məqsədi ilə evdə qalmağa üstünlük versinlər.
İclasda şəhər rəhbəri aparılan dezinfeksiya işlərinin daha da sürətləndirilməsi ilə bağlı ciddi tapşırıqlar verib.