Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd yaşayış məntəqələrində yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına dair Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti

13 mart 2020 | 16:00

Kəndyaşayış məntəqələrində mərkəzi istilik sistemi olmadığından soyuq aylarda evlər fərdi qaydada, daha çox sobalar vasitəsilə qızdırılır və bu amilqış fəslində baş verən yanğınların sayının artmasında öz təsirini göstərir. Bunun da əsas səbəbi evlər qızdırılarkən yanğın təhlükəsizliyi qaydalarına əməl edilməməsi, bəzi vətəndaşların səhlənkarlığı, həyətyanı sahədə işləyərkən sobaları yanılı-saatlarla nəzarətsiz vəziyyətdə qoyması, həmçininhəmin müddətdə evdə nəzarətsiz qalan uşaqların odla dəcəllik etməsi olur.
Səhlənkarlıq bəzən çox böyük faciəyə səbəb olur. Kəndlinin illərlə alın təri ilə qurduğu ev və əşyaları qısa müddət ərzində yanıb külə dönür. Ailə qışın oğlan çağında küçədə qalır, əmlakını itirir. Bəzən isə yaşlı insanlar, kiçik yaşlı uşaqlar yanğından xilas edilə bilmir, həlak olurlar. Yaxud da suqızdırıcı cihazın hamam otağında qoyulması, təhlükəsizlik qaydalarının tələbləri pozulmaqla quraşdırılması və istismar edilməsi  üzündən yaranan dəm qazı can alır, ailə faciəsi yaşanır.
Yaz, yay ayları kəndlərdə işin gərgin dövrü olur. Bu dövrdə kəndli taxıl, ot yığır, meyvə-tərəvəz məhsullarını toplayır. Tonlarla məhsulu maşına yükləyib həyətə gətirməyin, onu harasa yığmağın, yerbəyer etməyin, yaxud satmağın öz çətinlikləri, əziyyəti var. Təəssüf ki, kənd zəhmətkeşlərinin bəziləri belə əzab-əziyyətlə topladıqları məhsulun hara yığılması, qorunub saxlanılması barədə ciddi düşünmür, Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşlarının məhsulun yanğından qorunması barədə tövsiyələrinə məhəl qoymurlar. Xidmətin inspektorlarının tələblərinə baxmayaraq onlar çox vaxt məhsulu, xüsusən də otu yağış isladıb çürütməsin deyə mal tövləsinin, yaxud evin çardağına, üstündən elektrik xətti keçən əl damına yığıb saxlamağa çalışırlar. Ancaq onlar otu evin çardağına, tövlənin üstünə yığanda sobanın tüstü borusundan çıxan ani qığılcımdan, elektrik xəttində baş verən qısaqapanmadan yanğın törənəcəyi barədə düşünmürlər.Bununla yanaşı, mal tövlələrinin əsasən kənddaxili avtomobil yollarının kənarında inşa edilməsinə üstünlüyün verildiyini və bu tikililərin üzərinə otların yığılmasını nəzərə alsaq, yol keçən şəxs tərəfindənatılmış və küləyin nəticəsində otun üzərinə söndürülməmiş siqaret kötüyünün düşməsi dəyanğının baş vermə ehtimalını artırır.
Ümumiyyətlə, tikililərin çardaq hissəsinə yanar materialların, bu halda isə açıq və ya kipləşdirilmiş şəkildə otların yığılması yanğın təhlükəsizliyi qaydalarının tələblərinə zidd olmaqla yanaşı, həmdə real təhlükədir.
Tikintisi zamanı kənd yaşayış evləri ilə mal tövlələrinin yanğına qarşı ara məsafələrinə riayət olunmalıdır.
Təbii ki, bəzən, xüsusən də qışda kənddə işıqlar sönə bilər. Bu zaman kimsə tövləyə, əl damına baş çəkərkən oranı işıqlandırmaq məqsədilə kibritdən, çıraqdan istifadə etmək istəyir. Unudur ki, kibritdən çıxan ani qığılcımdan, bəzən də çırağın özündən də yanğın törənir. 
Kənd yaşayış məntəqələrində şəhərdən fərqli olaraq yanğınla mübarizə işinin təşkili öz xüsusiyyətlərinə görə fərqlənir. Belə ki, baş vermiş yanğının söndürülməsi üçün əlavə köməyə ehtiyac yarandıqda, şəhər yerində bu məsələ qısa müddətdə öz həllini tapdığı halda,kənd yaşayış məntəqələrində isə qonşu rayonlara müraciət etmək zərurəti yaranır. Məsafəni və bəzən çətin keçilən dağ yollarını nəzərə alsaq, təhlükənin miqyası böyüyə bilər.Ona görə də kənd təsərrüfatında çalışan hər bir təsərrüfatçı Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən verilən tövsiyələri icra etməli, öz əmlakı ilə yanaşı başqalarının da zəhmətinin hədər getməsinə yol verməməlidir.  
Həyətlərdə və heyvandarlıq komplekslərində ot, küləş tayaları evlərdən və digər tikililərdən aralıda qurulmalı, ara məsafələri gözlənilməli, eyni zamanda hər tayanın arası şumlanmalıdır ki, bir tayada yanğın baş verdikdə digərinə keçmə ehtimalı azalsın.

FHN DYNX-nin Yanğına Qarşı Təbliğat Şöbəsi

Keçidlər