Mədəniyyət naziri Sumqayıtda vətəndaşları qəbul edib
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, yanvarın 31-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Sumqayıt şəhərində, Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Xızı rayonunda vətəndaşlarla görüşüb.
Qəbuldan əvvəl nazir Əbülfəs Qarayev və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
Daha sonra Əbülfəs Qarayev Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt şəhəri, Qubadlı və Şuşa rayonlarından olan vətəndaşları qəbul edib. Görüşdə sakinlər tərəfindən klub müəssisələrində ödənişli xidmətlərin göstərilməsinə dair ixtisasartırma kurslarının təşkili, televiziya və radio kanalları ilə birgə kitabın təbliği məqsədilə layihələrin həyata keçirilməsi, Şuşaya həsr olunmuş rəsm əsərlərinin sərgisinin təşkili, Xızı rayonu ərazisində tarix və mədəniyyət abidələrinin qorunması, yeni tikilmiş qaçqın şəhərciklərinə mədəniyyət müəssisələrinin köçürülməsi ilə bağlı müraciətlər səsləndirilib.
Qəbulda, həmçinin Sumqayıtın Tarixi Muzeyinin ekspozisiya zallarında lazımi avadanlıqların sayının artırılması, Şuşa qalasının 270 illiyinin qeyd olunması, Qubadlı şəhər Ə.Mehdiyev adına uşaq musiqi məktəbinin musiqi alətləri ilə təmin olunması, Sumqayıt Regional Mədəniyyət İdarəsində yaradılmış internet televiziyasının fəaliyyəti barədə, işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər edilib.