Sumqayıtda Birinci Mədəniyyət Festivalı keçirilib
Festivala Sumqayıt Regional Mədəniyyət İdarəsinin tərkibində fəaliyyət göstərən Abşeron, Xızı, Şuşa, Zəngilan, Qubadlı rayonları ilə yanaşı, Şamaxı, İsmayıllı, Quba və Kürdəmir rayonlarının mədəniyyət kollektivləri də qatılıb.
Festival iştirakçıları şəhərin Kimyaçı Mədəniyyət Sarayının önündəki meydanın perimetri üzrə yerləşərək bir-birindən maraqlı çıxışlar, rəqs nömrələri, Kukla Teatrının tamaşalarından parçalar, şeirlər, milli musiqi alətlərində ifalar, əl işlərini, rəsmlərini, tətbiqi sənət nümunələrini, ölkəmizin ayrı-ayrı bölgələrinin folklor və mətbəxini həvəslə təqdim ediblər.
Əsl bayram ab-havasında keçən festivalı izləyən çoxsaylı şəhər sakinləri və qonaqlar arasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri də olublar.
Festival Kimyaçı Mədəniyyət Sarayının tamaşa zalında böyük bayram konserti ilə davam edib. Sumqayıt musiqi məktəblərinin müəllimlərindən ibarət xalq çalğı alətləri orkestrinin müşayiəti ilə çıxış edən xor kollektivi və solistlərin ifaları monitorda bu gün gözəlləşən və müasirləşən Sumqayıtın gözoxşayan videogörüntüləri ilə tamamlanıb.
Sonda şəhərin 70 illik yubileyi ilə bağlı keçirilən müsabiqənin Sumqayıta həsr olunmuş “Ən yaxşı şeir” və “Ən yaxşı mahnı” nominasiyaları üzrə qalibləri mükafatlandırılıb.