Sumqayıtda gender əsaslı zorakılığın qarşısının alınması ilə bağlı tədbir keçirildi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı ilə birgə həyata keçirdiyi “Məcburi köçkünlər, qaçqınlar və sığınacaq axtaran şəxslər arasında cinsi və gender əsaslı zorakılığın qarşısının alınması və cavab tədbirləri” layihəsi çərçivəsində 28 avqust 2019-cu il tarixində Sumqayıt şəhərinin Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova, aidiyyəti üzrə qurumların ekspert və nümayəndələri iştirak ediblər.
Ülviyyə Müzəffərova layihənin vacibliyini vurğuluyaraq, şəhər icra hakimiyyəti tərəfindən bu sahədə aparılan işlər, mövcud vəziyyətlə bağlı məruzə edib. İctimaiyyətdə geniş maarifləndirmə işlərinin aparılmasının və bu kimi layihələrin davamlı olmasının vacibliyini qeyd edib.
Təlimi layihə koordinatoru Lyudmila Xəlilova və Milli Elmlər Akademiyasının şöbə müdiri, professor xanım Rəna Mirzəzadə aparıb.
İştirakçılara layihə və onun məqsədləri barəsində, həmçinin 10 oktyabr 2006-cı ildə qəbul olunmuş “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanun, 22 iyun 2010-cu ildə qəbul olunmuş “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun, həmçinin məişət zorakılığı baş verəndə müraciət etmə qaydaları, müdafiə mexanizmləri, mühafizə orderi, qadın hüquqları, gender bərabərliyi, nikah müqaviləsi, erkən nikahın yaratdığı problemlər və operativ cavab tədbirlərin birgə həyata keçirilməsinin vacibliyi haqqında geniş məlumat verilib.
Layihə rəhbəri bildirdi ki, Komitə tərəfindən məişət zorakılığı halları ilə bağlı yerlərdə vəziyyətin qiymətləndirilməsi, riskli ailələrin müəyyən edilməsi və lazımi dəstəyin göstərilməsi, zorakılığın səbəblərinin araşdırılması, zorakılıq qurbanlarının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üçün bütün yerli icra hakimiyyətlərində icra başçısının sərəncamı ilə “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupları” yaradılıb.
Komitə ilə UNHCR–ın birgə çap etdiyi “Məişət zorakılığının qarşısını alaq” adlı kitabça iştirakçılara paylanmışdır. Tədbir iştirakçıları ilə aparılan geniş müzakirənin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.