Sumqayıt ilə Çinin Myenyan şəhəri arasında dostluq və əməkdaşlıq əlaqələrinin qurulması haqqında memorandum imzalanıb
Sənəd Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Sahib Quliyevin rəhbərliyi ilə nümayəndə heyətinin Myenyan şəhərinə səfəri zamanı imzalanıb. “Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının dostluq münasibətlərinin və əməkdaşlığının daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamə”yə uyğun olaraq imzalanan sənədin məqsədi Sumqayıt ilə Myenyan arasında əlaqələrin inkişafını təşviq etmək, xalqlar arasında dostluğun möhkəmlənməsinə şərait yaratmaq, sonda bu iki şəhərin qardaşlaşmasına dair yekun protokolun imzalanmasına nail olmaqdır. Tərəflər ticari-iqtisadi, elmi-texniki, mədəniyyət, təhsil, turizm və digər sahələrdə mübadilə və əməkdaşlığın inkişafına, birgə layihələrin icrasına dair razılığa gəliblər.
Azərbaycan nümayəndə heyətinin Myenyan şəhərinin meri Yuan Fan ilə görüşündə ölkələrimiz arasında tarixi köklərə və sıx əməkdaşlığa söykənən dostluq münasibətlərinin olduğu vurğulanıb. Qeyd olunub ki, dövlət başçılarının dostluq münasibətləri və qarşılıqlı etimadı ölkələrimizin müxtəlif istiqamətlərdə əməkdaşlığının dərinləşməsinə böyük imkanlar açır.
Bildirilib ki, Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün geniş potensial var. “Çinin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində ölkələrimizin nəqliyyat-logistika sahəsində əməkdaşlığı getdikcə böyüyür. Transxəzər nəqliyyat dəhlizi də daxil olmaqla Azərbaycan özünün nəqliyyat-tranzit potensialı ilə bu təşəbbüsün icrasına böyük töhfələr vermək imkanına malikdir.
Görüşdə qarşı tərəfə Azərbaycanın sənaye mərkəzlərindən olan Sumqayıt şəhəri haqqında məlumat verilib, əməkdaşlıq imkanları müzakirə olunub.