Sumqayıt şəhəri ilə Sian şəhəri arasında dostluq əlaqələrinin qurulması haqqında Niyyət protokolu imzalanıb
Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sian şəhəri ilə Sumqayıt şəhəri arasında dostluq əlaqələrinin qurulması haqqında Niyyət protokolunun imzalanması mərasimi keçirilib.
Niyyət protokolu Sumqayıt şəhər İcra Hakimiyyətinin birinci müavini Teymur Səmədov və Sian şəhər Xalq Hökuməti rəhbərinin müavini Su Minqfei tərəfindən imzalanıb.
Tədbirdə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı, Çinin Azərbaycandakı Müvəqqəti İşlər vəkili Li Çin Sun, Sian şəhər Xalq Hökuməti rəhbərinin müavini Su Minqfei iştirak edib.
Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı bildirib ki, Azərbaycan-Çin əlaqələri dostluq və qarşılıqlı etimada əsaslanır. İki ölkə arasında yüksək inkişaf dinamikası ilə seçilən çoxşaxəli ciddi tərəfdaşlıq münasibətləri mövcuddur.
Ə.Zeynallı vurğulayıb ki, Azərbaycan Çin Xalq Respublikası ilə ikitərəfli əlaqələrin bütün sahələr üzrə dərinləşməsində maraqlıdır. İkitərəfli əlaqələrin səviyyəsinin qiymətləndirilməsi və inkişaf etdirilməsində dövlət başçıları səviyyəsində həyata keçirilən rəsmi səfərlər və bu çərçivədə əldə edilmiş siyasi razılaşmalar müstəsna əhəmiyyət kəsb edir.
Vurğulanıb ki, Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə ilk dəstək verən ölkə olmaqla yanaşı, özünün iqtisadi potensialı və nəqliyyat-tranzit imkanları ilə bu strategiyanın reallaşmasına böyük töhfələr vermək iqtidarındadır.
Diplomat qeyd edib ki, Sumqayıt və Sian şəhərləri əməkdaşlıqla inkişfa, tərəqqiyə və son nəticədə “Bir kəmər, bir yol” uğurlu icrasına ciddi töhfə verəcək.
Sian şəhər Xalq Hökuməti rəhbərinin müavini Su Minqfei və Çinin Azərbaycandakı Müvəqqəti İşlər vəkili Li Çin Sun təmsil etdiyi ölkənin ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın perspektivləri, iqtisadi əlaqələrin inkişaf etdirilməsi, investisiya imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.