Sumqayıt şəhərində fəaliyyət göstərən “Sum Modern Dental” stomatoloji klinikası əsaslı təmirdən sonra istifadəyə verilib.
Sumqayıt şəhərində daha bir tibb müəssisəsi yenidən qurulub. Şəhərdə fəaliyyət göstərən “Sum Modern Dental” stomatoloji klinikası əsaslı təmirdən sonra istifadəyə verilib.
Açılış mərasimində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da iştirak edib. Şəhər rəhbəri “Sum Modern Dental” stomatoloji klinikasında yaradılmış şəraitlə yaxından tanış olub, burada çalışan tibb işçiləri ilə görüşüb.
Z.Fərəcov bildirib ki, son illərdə şəhərin əksər tibb müəssisələri əsaslı təmir olunub. 1 nömrəli doğum evi, 1,2 nömrəli qadın məsləhətxanaları, 1,4 nömrəli şəhər poliklinikaları, Uşaq Xəstəxanasının infeksion şöbəsi, Vərəm Xəstəxanası, 2 nömrəli uşaq poliklinikası, 3 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsi əsaslı təmir olunub, 1 nömrəli uşaq poliklinikası, 2 nömrəli şəhər poliklinikası, Onkoloji Xəstəxana, 4 nömrəli şəhər xəstəxanasında cari təmir işləri aparılıb. 1,2 nömrəli doğum evlərinin reanimasion şöbələri müasir tibbi avadanlıqlarla təchiz olunub.
Şəhər rəhbəri çıxışında son illərdə Sumqayıt şəhərində həyata genişmiqyaslı abadlıq-quruculuq və yenidənqurma işlərinə nəzər salıb, Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafı ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib.
Stomotoloji klinikanın baş həkimi Şahin Baxşəliyev vurğulayıb ki, son illərdə səhiyyənin inkişafı ilə bağlı Sumqayıt şəhərində həyata keçirilən məqsədyönlü işlər, dövlət və özəl tibb müəssisələrinə göstərilən diqqət və qayğı bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olub.
Məlumat verilib ki, “Sum Modern Dental” stomatoloji klinikası 1 nömrəli stomotoloji poliklinikanın bazasında yaradılıb.
Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2016-cı il tarixli 1003 nömrəli Fərmanı və Nazirlər Kabinetinin 21 oktyabr 2016-cı il tarixli 550 s nömrəli Sərəncamına uyğun olaraq 1 nömrəli stomotoloji poliklinika Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşdirilməyə çıxarılıb və 2017-ci il 4 aprel tarixində hərrac yolu ilə özəlləşdirilib.
Qeyd edək ki, 1969-cu ilə fəaliyyətə başlayan poliklinika Zaqafqaziyanın ən böyük stomotoloji poliklinikası olub.
“Sum Modern Dental” stomatoloji klinikasında anesteziologiya-reanimatologiya, anestezioloji-reanimatoloji, stamatologiya, terapeftik stomotoloji, cərrahi stomatoloji, ortopedik stomotoloji, ortodentik stomotoloji, üz-çənə cərrahiyyəsi, şüa diaqnostikası və rentgenoloji bölmələr fəaliyyət göstərir.