Sumqayıtda Azərbaycanın ilk qadın metallurqu Zəminə Həsənovanın büstünün açılışı olub
Sumqayıt şəhər Corat qəsəbəsində SSRİ-nin Sosialist Əməyi Qəhrəmanı, Sumqayıtın fəxri vətəndaşı və Azərbaycanın ilk qadın metallurqu Zəminə Həsənovanın büstünün açılışı olub.
Açılış mərasimində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov qeyd edib ki, şəhərin tikilib-qurulmasında fədakarlıq nümunəsi göstərən çox sayda insanın əməyi var. Şəhərin inkişafında əməyi olan şəxslər bu gün də hörmət və ehtiramla yad olunur. Sumqayıtın fəxri vətəndaşı və Azərbaycanın ilk qadın metallurqu Zəminə Həsənova da hələ gənc yaşlarından öz taleyini bu şəhərlə bağlayıb. O istedadını, bilik və bacarığını doğma şəhərinə həsr edərək, gələcək arzu və niyyətini bu şəhərlə bağlayaraq, böyük hörmət və ehtiram qazanıb.
Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun qeyd edib ki, şəhərin mərkəzi küçələrindən birinə Zəminə Həsənovanın adının verilməsi ilə bağlı artıq sərəncam imzalayıb.
Vurğulanıb ki, şəhərin tikilib-qurulmasında fədakarlıq nümunəsi göstərən Zəminə Həsən qızı Həsənova 1918-ci il mayın 10-da Sumqayıtda, indiki Corat qəsəbəsində anadan olub. O, əmək fəaliyyətinə Sumqayıt Elektrik Stansiyasında başlayıb. Böyük Vətən müharibəsi illərində Bakının vətəndaş müdafiəsi sistemində fəaliyyət göstərib. Müharibədən sonra əmək fəaliyyətini “Boruprokat” zavodunda operator kimi davam etdirib. Daha sonra briqadir vəzifəsində çalışıb.
Sovet dövründə Energetika Birliyinin sədri vəzifəsində çalışıb və yaşayış binalarının bünövrəsinin qoyulması ilə məşğul olub. O, əmək fəaliyyətindəki uğurlarına görə Sosialist Əməyi Qəhrəmanı adına, 1969-cu ildə isə Sumqayıtın fəxri vətəndaşı adına layiq görülüb, “Lenin” ordeni, “Oraq və çəkic” qızıl medalı ilə təltif edilib.
Z.Həsənova Azərbaycanın ictimai həyatında da fəal iştirak edib. O, dəfələrlə Sumqayıt Şəhər Şurasının deputatı seçilib, VI çağırış SSR Ali Sovetinin deputatı olub. 2002-ci il oktyabrın 2-də ölkə rəhbərinin müvafiq Sərəncamı ilə Zəminə Həsənova elm, təhsil, mədəniyyət, iqtisadiyyat sahəsində göstərdiyi fəaliyyətinə və böyük əməyinə görə Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb. Görkəmli metallurq qadına musiqisi Ə.Tağıyevə, sözləri R.Zəkaya məxsus “Zəminə” mahnısı həsr olunub. O, 2006-cı ildə Sumqayıt şəhərində vəfat edib və yaşadığı binaya xatirə lövhəsi vurulub.
Qeyd edək ki, bir müddət öncə şəhər rəhbərinin təşəbbüsü ilə Sumqayıt şəhərinin küçələrindən birinə də Zəminə Həsənovanın adı verilib.
Açılış mərasimində Zəminə Həsənovanın yaxınları göstərilən diqqət və qayğıya görə şəhər rəhbərinə minnətdarlığını bildiriblər.