Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda “Azərbaycanın qeyri-neft sektorunun inkişaf perspektivləri” mövzusunda konfrans keçirildi

26 aprel 2019 | 16:00

Aprelin 25-də Sumqayıt Dövlət Universitetində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Azərbaycanın qeyri-neft sektorunun inkişaf perspektivləri” mövzusunda Respublika elmi konfrans keçirildi.
Konfransda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri akademik Ziyad Səmədzadə, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin direktoru Elman Hüseynov, Azərbaycan Respublikası Vergilər Nazirliyi Tədris Mərkəzinin rəisinin birinci müavini Ceyhun Mehdiyev, “Azərkimya” İB, “Etilen-Polietilen” zavodunun direktoru Oqtay Niftəliyev və müəssisənin bir qrup əməkdaşı və ölkəmizdə fəaliyyət göstərən aparıcı ali məktəblərin alimləri iştirak etdilər.
Konfransı giriş sözü ilə rektor professor Elxan Hüseynov açaraq, iştirakçıları salamladı, onları universitetdə görməkdən məmmnunluğunu ifadə etdi. Konfransın əhəmiyyətindən bəhs edərək bildirdi ki, ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət sayəsində respublikamızın inkişafı davamlı xarakter daşıyır. Son illərdə ölkəmiz sosial-iqtisadi inkişaf göstəricilərini ardıcıl şəkildə yaxşılaşdırmağa nail olub. Respublikamızda müasir çağırışlar nəzərə alınmaqla qeyri-neft sənayesinin inkişafına göstərilən diqqət öz bəhrəsini verir. Sevindirici haldır ki, ölkəmizdə yaxşı inkişaf göstəriciləri məhz qeyri-neft sənayesində qeydə alınır. Rektor onu da vurğuladı ki, təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan «Əsrin müqaviləsi» sosial-iqtisadi yüksəlişimizin demək olar ki, bünövrəsi oldu.Əlbəttə ki, bu müqavilənin imzalanması Ulu öndər Heydər Əliyevin dediyi kimi Azərbaycanın suveren hüquqlarının bərqərar olmasını, ölkəmizin özünün təbii sərvətlərinin sahibinə çevrilməsinin bir daha göstəricisi oldu. Neft bizim milli sərvətimizdir, ondan gələcəkdə də istifadə edəcəyik. Müqavilənin 2050-ci ilədək uzadılması da onu göstərir ki, neft ölkəmizin iqtisadiyyatının inkişafında bundan sonra da mühüm rol oynayacaq.Prezident cənab İlham Əliyevin bu sahə ilə bağlı verdiyi proqnozlar özünü yüksək səviyyədə doğruldur. Ölkəmizdə milli iqtisadiyyatın ayrı-ayrı istiqamətləri, o cümlədən də qeyri-neft sektoru üzrə inkişaf dinamikası daha yüksək səviyyədədir. Prezident cənab İlham Əliyevin “Azərbaycanın gələcək inkişafı sənayenin inkişafı ilə bağlı olmalıdır” strateji xəttinə uyğun olaraq, ölkəmizdə həyata keçirilən sənayeləşmə siyasəti nəticəsində yüzlərlə müasir sənaye müəssisəsi, yeni sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixracın həcmi yüksəlib. İldən-ilə ölkəmizin nüfuzu artaraq qüdrətli ölkəyə çevirilir.
Milli Məclisin İqtisadi siyasət, sənaye vəsahibkarlıq komitəsinin sədri akademik Ziyad Səmədzadə “Azərbaycanda qeyri-neft sektorunun inkişafının strateji əhəmiyyəti”mövzusunda çıxış edərək ölkəmizdə aparılan iqtisadi islahatları, həyata keçirilən strateji proqramları ətraflı təhlil etdi. Bildirdi ki, dövlətimizin başçısının apardığı siyasət Azərbaycan xalqının maraqlarına, ölkəmizin iqtisadi təhlükəsizliyinin qorunmasına xidmət edir. Qlobal dünyada baş verən böhranlara baxmayaraq, ölkəmiz iqtisadiyyatını gücləndirir. Qeyri-neft sektoru yüksək templə inkişaf edir, ölkəmizin uğurları göz qabağındadır. Əldə edilən nəticələrə görə 2019-cu il Azərbaycan üçün önəmli bir il olacaq.
Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov şəhər İcra başçısı cənab Zakir Fərəcovun salamını çatdırdı, konfransın aktual mövzuya həsr olunduğunu bildirərək Azərbaycan iqtisadiyyatının formalaşmasında və inkişaf etməsində Ulu öndərin əvəzsiz rolundan bəhs etdi. Bildirdi ki, müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır.Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə iqtisadiyyatın inkişafını xüsusilə diqqət mərkəzində saxlamış, iqtisadi potensial isə ölkəmizin inkişafında müstəsna rol oynamışdı. Bu gün Ümummilli lider Heydər Əliyevin siyasi kursu müasir dövrün aktual çağırışlarına müvafiq olaraq Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz tərəqqi yolunda uğur və inamla irəliləyir.
UNEC-in Ticarət və gömrük işinin təşkili kafedrasının müdiri professor Arif Şəkərəliyev “Müasir dövrdə qeyri-neft sektorunun üstün inkişafi və diversifikasiyası problemləri”, AMEA İqtisadiyyat İnstitutunun Elmi işlər üzrə direktor müavini dosent Allahyar Muradov “Biznes mühitinin insan kapitalının inkişafına təsirinin qiymətləndirilməsi”, SDU-nun Biznesin təşkili və menecment kafedrasının müdiri dosent Qalib Hüseynov “Azərbaycanda kiçik və orta biznesin inkişafı problemləri” mövzularında məruzə ilə çıxış etdilər. Bildirdilər ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasət tədbirləri və davamlı islahatlar, mükəmməl iqtisadi strategiyanın gerçəkləşməsi iqtisadiyyatın bütün sahələrində dinamizm meyillərni gücləndirib.
Konfrans çərçivəsində Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov, Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin direktoru Elman Hüseynov və Vergilər Nazirliyi Tədris Mərkəzinin rəisinin birinci müavini Ceyhun Mehdiyev ilə birgə təhsil, elmi-tədqiqat sahələri üzrə qarşılıqlı əlaqələrin yaradılması və inkişaf etdirilməsi, iqtisadyönümlü ixtisaslar üzrə bakalavr səviyyəsində təhsil alanların istehsalat və magistrantların elmi-tədqiqat təcrübələrinin təşkili, təlim və kursların keçirilməsi, professor-müəllim heyətinə elmi-tədqiqat işlərinin aparılması üçün müvafiq şəraitin yaradılması,birgə tədbirlərin, o cümlədən, ekskursiyaların, treninqlərin, seminar,dəyirmi masa, konfrans və forumların təşkili, dərs vəsaiti, monoqrafiyaların hazırlanması üzrə əməkdaşlıq müqavilələri imzalandı.
Qeyd edək ki, konfransa respublikamızın 21 ali təhsil müəssisəsi və bir sıra iqtisadiyönümlü təşkilatlardan 160 məqalə və tezis daxil olaraq Konfrans Materialları Toplusu şəklində nəşr olunmuşdur. Konfrans işini bölmə iclaslarında davam etdirdi.

Keçidlər