Sumqayıtın və şəhər səhiyyəsinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
Sumqayıt Dövlət Dram Teatrında Sumqayıt şəhərinin və səhiyyəsinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Səhiyyə nazirinin müavini Elsevər Ağayev, şəhərin idarə, müəssisə və təşkilat rəhbərləri və tibb işçiləri iştirak edib.
Əvvəlcə Sumqayıt səhiyyəsinin inkişafından bəhs edən film nümayiş olunub.
Səhiyyə nazirinin müavini Elsəvər Ağayev bildirib ki, ölkə rəhbərliyinin apardığı sosial yönümlü siyasətin nəticəsi olaraq son illər ərzində səhiyyənin inkişafı istiqamətində geniş miqyaslı tədbirlər həyata keçirilib. Bu da öz növbəsində səhiyyəmizin dünya standartlarına uyğun inkişaf etməsinə, dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə inteqrasiya olunmasına zəmin yaradıb. Səhiyyənin inkişafı ilə bağlı görülmüş işlər bu gün beynəlxalq miqyasda Azərbaycan səhiyyəsinin nüfuzunun nəzərəçarpacaq dərəcədə artmasına səbəb olub.
Nazir müavini qeyd edib ki, son illərdə Sumqayıt şəhərində də səhiyyənin inkişafı ilə bağlı mühüm addımlar atılıb, bir sıra naliyyətlər əldə olunub. Bu il cənab Prezident 2 saylı Sumqayıt şəhər xəstəxanasının yenidən tikilməsi və zəruri tibbi avadanlıqlarla təchiz edilməsi haqqında Sərəncam imzalayıb.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tədbir iştirakçılarını salamlayaraq şəhərin inkişafında səhiyyə işçilərinin də mühüm rolu olduğunu vurğulayıb. Şəhər rəhbəri qeyd edib ki, səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılır. Bu da tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açır.
Z.Fərəcov bildirib ki, son illərdə şəhərin əksər tibb müəssisələri əsaslı təmir olunub. 1 nömrəli doğum evi, 1,2 nömrəli qadın məsləhətxanaları, 1,4 nömrəli şəhər poliklinikaları, Uşaq Xəstəxanasının infeksion şöbəsi, Vərəm Xəstəxanası, 2 nömrəli uşaq poliklinikası, 3 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsi əsaslı təmir olunub, 1 nömrəli uşaq poliklinikası, 2 nömrəli şəhər poliklinikası, Onkoloji Xəstəxana, 4 nömrəli şəhər xəstəxanasında cari təmir işləri aparılıb. 1,2 nömrəli doğum evlərinin reanimasion şöbələri müasir tibbi avadanlıqlarla təchiz olunub. 1 nömrəli doğum evi 2018-ci ildən III səviyyəli Perinatal Mərkəz kimi fəaliyyət göstərir.
Şəhər rəhbəri çıxışında son illərdə Sumqayıt şəhərində həyata genişmiqyaslı abadlıq-quruculuq və yenidənqurma işlərinə nəzər salıb, Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafı ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib.
Tədbirdə Respublika Perinetal Mərkəzin direktoru Sevinc Məmmədova, Səhiyyə Şöbəsinin müdir əvəzi Səkinə Sadıxova, uzun müddət səhiyyə şöbəsinə rəhbərlik etmiş, şöhrət ordenli Vaqif Qəhrəmanov, şəhərin sanitar gigienik vəziyyətinin yaxşılaşdırılmasına, epidemioloji xidmətinə böyük əmək sərf etmiş Cahan İrzayeva, 1 nömrəli şəhər xəstəxanasının həkimi Ceyhun Süleymanov ölkəmizdə səhiyyənin inkişafı və 70 ildə Sumqayıt şəhər səhiyyəsinin inkişafı ilə bağlı məruzə ilə çıxış ediblər.
Çıxışlardan sonra bir qrup tibb işçisi Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif olunub. Tədbir konsert proqramı ilə davam etdirilib.