Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə heyətinin sədri Orxan Məmmədov Sumqayıt şəhərində sahibkarlarla görüşüb
Aprelin 17-də Sumqayıt şəhərində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) fəaliyyətə başlayıb.
Bununla bağlı Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində sahibkarların iştirakı ilə tədbir keçirilib.
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, aidiyyəti dövlət qurumlarının rəhbərləri və sahibkarlar iştirak edib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov özəl sektorun inkişafı istiqamətində Sumqayıtda həyata keçirilən tədbirləri diqqətə çatdırıb, digər dövlət dəstəyi mexanizmləri kimi, “KOB Dostu”nun da sahibkarlıq fəaliyyətinin genişlənməsində və biznesə yeni başlayanlar üçün əhəmiyyətli olacağını vurğulayıb. Şəhər rəhbəri qeyd edib ki, ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsi olaraq Sumqayıt şəhərinin sosial iqtisadi inkişafında əhəmiyyətli irəliləyişlər əldə edilib. Qeyri-neft sektorunun mühüm tərkib hissəsi olan sənayenin inkişafı, bu sahədə yeni istiqamətlərin müəyyənləşdirilməsi şübhəsiz ki, iqtisadiyyatın inkişafına mühüm töhfələr verir. Yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması, eyni zamanda özəl sektorun inkişafı ilk növbədə yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artırılmasına səbəb olur.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt şəhərində son illərdə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib, yaxın gələcəkdə Sumqayıt şəhərində gerçəkləşdirilməsi planlaşdırılan layihələrdən bəhs edib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov “KOB Dostu” konsepsiyası, kiçik və orta sahibkarlara göstərilən xidmətlər barədə məlumat verib.
Vurğulanıb ki, Agentlik tərəfindən hazırda yaradılmaqda olan “KOB Dostu” şəbəkəsi Azərbaycan Respublikası Prezidentinin “Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” strateji xəttinə uyğun olaraq, dövlət-sahibkar əməkdaşlıq platforması çərçivəsində reallaşdırılan mühüm layihələrdəndir. Hazırda ölkənin 11 rayon və şəhərində “KOB Dostu” fəaliyyət göstərir. KOB dostları mikro, kiçik və orta biznes subyektlərinin təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılması, yeni KOB subyektlərinin yaradılması və inkişafının bütün mərhələlərində, eləcə də sahibkarların hüquqlarının müdafiəsi istiqamətində KOB-lara dəstək göstərən mexanizmdir.
Sahibkarları “KOB Dostu” ilə fəal əməkdaşlığa dəvət edən Agentlik sədri 2019-cu il ərzində ölkənin digər şəhər və rayonlarında fəaliyyətə başlayacaq KOB dostları, eləcə də Agentliyin digər dəstək mexanizmləri barədə də danışıb.
Tədbir çərçivəsində “KOB Dostu” ilə bağlı təqdimat keçirilib, fəaliyyət istiqamətləri və göstərəcəyi xidmətlər barədə məlumat verilib, sahibkarların sualları cavablandırılıb.
Sonra tədbir iştirakçıları Sumqayıtda Heydər Əliyev Mərkəzində yerləşən “KOB Dostu”nun ofisi ilə tanış olublar. Burada sahibkarlara Agentliyin çoxsaylı xidmətlərinin göstərilməsi üçün hər cür şərait yaradılıb, ofis lazımi avadanlıqlar və maarifləndirici materiallarla təchiz edilib. “KOB Dostu” ilə birgə ofisdə KOB könüllüləri də fəaliyyət göstərəcəkdir.
Tədbirdə çıxış edən sahibkarlar özəl bölmənin, xüsusilə kiçik və orta biznesin inkişafına göstərilən davamlı dəstəyə görə dövlət başçısına minnətdarlıq ediblər.