Sumqayıtda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub
31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib.
Soyqırım qurbanlarının və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra 31 Mart – Azərbaycanlıların Soyqırımı ilə bağlı videoxronika nümayiş etdirilib.
Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov çıxış edərək bildirib ki, azərbaycanlıların kütləvi qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli ağrılarındandır. 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik birləşmələrinin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri amansız qətliamların əsas məqsədi azərbaycanlıları milli etnos kimi yer üzündən silmək, onların tarixi torpaqlarına yiyələnmək olub.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli fərmanında bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldıqları ilk dəfə rəsmi surətdə bəyan olunub.
Daha sonra Sumqayıt Dövlət Universitetinin müəllimi Pərviz Cəfərov, şair, dramaturq, publisist Əvəz Mahmudov, Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədov, 25 nömrəli tam orta məktəbin tarix müəllimi Nuridə Əhmədova 1918-ci il 31 mart soyqırımı ilə bağlı çıxış ediblər.
Vurğulanıb ki, erməni şovinistlərinin tarix boyu Azərbaycan xalqına qarşı törətdiyi qanlı qırğınlar içərisində 31 mart soyqırımı amansızlığına və miqyasına görə xüsusilə seçilir. 1918-ci ilin martında Bakı quberniyasında və digər bölgələrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı nəticəsində minlərlə günahsız insan öldürülüb, minlərlə insan elindən-obasından didərgin düşüb.
Məruzələrdə bildirilib ki, erməni quldur dəstələri insanlara qarşı vəhşiliklər etməklə kifayətlənməyərək, bu torpaqlarda tarixi, mədəniyyət abidələrini də vəhşicəsinə dağıdıb, məscidləri yandırıb, memarlıq incisi sayılan binaları yerlə-yeksan edib.