Zakir Fərəcov Sumqayıt şəhərində “AZPAL” Qapalı Səhimdar Cəmiyyətinə məxsus yeni istehsal müəssisəsinin açılışında iştirak edib
Açılış mərasimində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Rauf Hacıyev, “Baku Steel Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin müşahidə şurasının sədri Rasim Məmmədov və digər məsul şəxslər iştirak edib.
İstehsal müəssisəsi işə salındıqdan sonra burada çalışan işçilərlə görüş zamanı Zakir Fərəcov bildirib ki, Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi kursa uyğun olaraq reallaşdırılan sənayeləşmə siyasəti uğurla davam edir. Qeyri-neft sektorunun mühüm tərkib hissəsi olan sənayenin inkişafı, bu sahədə yeni istiqamətlərin müəyyənləşdirilməsi şübhəsiz ki, iqtisadiyyatın inkişafına mühüm töhfələr verir. Belə layihələrin icrası ilk növbədə yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artırılmasına səbəb olur. Eyni zamanda idxaldan asılılığı azaltmaqla, ixracyönümlü məhsulların həcminin artırılmasına böyük təsir göstərir.
Vurğulanıb ki, metallurgiya şlaklarının təkrar emalı üçün mövcud avadanlıqlar ölkəmizdə ilk dəfə olaraq Sumqayıt şəhərində bu müəssisədə quraşdırılıb. Sənaye tullantılarının təkrar emalı müəssisəsinin istifadəyə verilməsi Sumqayıt şəhəri üçün mühüm iqtisadi və ekoloji əhəmiyyət kəsb edir. Belə ki, yeni müəssisənin istifadəyə verilməsi nəticəsində illər boyu burada yığılmış metallurgiya şlaklarının təkrar emalı həyata keçiriləcək. Təkrar emal nəticəsində çınqıl, tikinti qumu və dəmir qalıqları ayrılaraq müxtəlif sahələrdə, eyni zamanda yol tikintisində istifadə olunacaq.
Qeyd olunub ki, müəssisədə ilkin mərhələdə 100-ə yaxın şəhər sakini işlə təmin olunub.