Şriftin ölçüsü :

Saytın rəngi :

Zakir Fərəcov yeni ticarət mərkəzinin açılışında iştirak edib

06 mart 2019 | 16:00

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt şəhər 10-cu mikrorayon ərazisində fəaliyyətə başlayan “Qayalı” Ticarət Mərkəzinin açılışında iştirak edib.

Məlumat verildi ki, 4 mərtəbəli ticarət obyektinin ümumi sahəsi 10 min kvadratmetrə yaxındır. Yeni iş yerlərinin açılması baxımından da ticarət mərkəzinin fəaliyyətə başlaması mühüm əhəmiyyət kəsb edir. Belə ki, burada ilkin mərhələdə 200-ə yaxın şəhər sakini işlə təmin olunub.

Zövq oxşayan müasir tərtibatlı ticarət mərkəzində bazarlıq üçün hərtərəfli imkanlar mövcuddur. Burada müştərilərə ən geniş çeşiddə müxtəlif növ məhsullar təqdim edilir.

Şəhər rəhbəri yeni istifadəyə verilmiş ticarət mərkəzi ilə tanışlıqdan sonra kollektivlə görüşdü.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov son illər Sumqayıt şəhərində həyata keçirilən abadlıq-quruculuq işləri, reallaşdırılmış layihələrlə bağlı ticarət mərkəzinin kollektivinə ətraflı məlumat verdi.

Bildirildi ki, ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, davamlı sosial-iqtisadi inkişafa və əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaq məqsədilə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsi olaraq Sumqayıt şəhərinin sosial iqtisadi inkişafında əhəmiyyətli irəliləyişlər əldə edilib. Son 5 ildə şəhərdə ümumdaxili məhsul istehsalı 2,6; sənaye məhsulu istehsalı 2,9; investisiya qoyuluşu 3,5 dəfə artıb, 32819 yeni iş yeri yaradılıb. Əhaliyə göstərilən ticarət, iaşə və digər xidmətlərin səviyyəsinin yaxşılaş­dırılması istiqamətində mühüm işlər görülüb.

Vurğulandı ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sürətli iqtisadi inkişafa nail olunub və bu proses uğurla davam edir. Sürətli inkişaf bütün sahələrdə, o cümlədən ən müasir ticarət infrastrukturunun yaradılmasında da özünü aydın göstərir.

Təsadüfi deyil ki, ölkə iqtisadiyyatında əldə olunmuş uğurlarda ticarət sektorunun da inkişafı və genişlənməsi vacib rol oynayır. Bu cür ticarət mərkəzlərinin yaradılması şəhər sakinlərinin rahatlığını təmin edir. Bununla yanaşı, bu müasir ticarət mərkəzinin istifadəyə verilməsi eyni zamanda şəhərin iqtisadi inkişafına xidmət edir.

Sonda ticarət mərkəzinin kollektivi ilə xatirə şəkili çəkdirilib. Şəhər rəhbər Ticarət Mərkəzinin önündə şəhər sakinləri ilə də görüşüb.

Keçidlər