Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhər İcra Hakimiyyətinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

05 fevral 2019 | 16:00

Fevralın 05-də Sumqayıt şəhərində 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov , Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, millət vəkilləri, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə ötən ilin yekunlarına dair hesabat məruzəsi dinlənilib. Diqqətə çatdırılıb ki, ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsi olaraq Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında əhəmiyyətli irəliləyişlər əldə edilib.
2018-ci ildə ümumdaxili məhsul istehsalı 2017-ci illə müqayisədə 35 faiz və ya 520 milyon manat artaraq 2 milyard manatdan çox olub.
Sənaye müəssisələrində 1 milyard 300 milyon manatlıq məhsul istehsal edilib ki, bu da əvvəlki dövrlə müqayisədə 20 faiz artım deməkdir. İl ərzində hamısı daimi olmaqla 7000 yeni iş yeri yaradılıb, muzdla işləyən işçilərin orta aylıq əmək haqqı 500 manat həddini ötüb.
Hesabat dövründə irimiqyaslı investisiya layihələrinin icra edilməsi, bir neçə iri sənaye müəssisəsinin fəaliyyətə başlaması bu göstəricilərin cari ildə daha da artacağını deməyə əsas verir. Ötən ilin iyul ayında dövlət başçısı ölkənin ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında SOCAR-Polimer MMC-nin Polipropilen istehsalı zavodunun açılışında iştirak edib, layihəni çox əlamətdar hadisə adlandırıb. Kanada və Avstriya texnologiyası əsasında ildə 180,0 min ton məhsul istehsalı edəcək zavod 500 nəfər işlə təmin edilib.
Vurğulanıb ki, Cənab Prezidentin Sumqayıta noyabr ayında növbəti səfəri zamanı Kimya Sənaye Parkında İsveçrə və Türkiyə texnologiyaları əsasında 3,5 milyon dollar dəyərində 100 faizli xarici investisiya hesabına inşa edilmiş ilkin mərhələdə 40 min ton tikinti qatqıları istehsal edəcək İnşaat Kimyəviləri zavodunun, İtaliya texnologiyası əsasında ildə 50 min ton ferrosilisium və 72 min ton ferrosilikomanqan istehsal ediləcək, investisiya dəyəri 51 milyon dollar olan Əlvan Metallar və Ferroərintilər zavodunun və Böyük Britaniya, Almaniya, İtaliya texnologiyaları əsasında qurulan, ildə 11 milyard ədəd siqaret istehsal edəcək “Tabaterra” tütün məmulatları fabrikinin açılışlarında iştirak etmişdir. Bu müəssisələrdə 500 yeni iş yeri yaradılıb.
Qeyd olunub ki, Sumqayıt Kimya Sənaye Parkı ərazisində inşa olunmuş “SOCAR Karbamid” zavodunun bu il yanvarın 16-da ölkə rəhbərinin iştirakı ilə açılışı olub. Zavodda 500 nəfər daimi işlə təmin ediləcəkdir. Bu Sumqayıtın Müstəqillik tarixində ən böyük layihədir.
Sumqayıt Kimya Sənaye Parkında mövcud 18 rezidenti üzrə layihələrin investisiya dəyəri 3,5 milyard ABŞ dolları təşkil edir. Bunlardan 3 milyard dolları artıq layihələrə yatırılıb. Fəaliyyətdə olan müəssisələrin sayı 11-ə çatmışdır. İstehsalat və tikinti-quraşdırma işlərində 3 mindən çox işçi çalışır.
Bildirilib ki, Regionların Sosial İqtisadi İnkişafının Dövlət Proqramının icrası dövründə, yəni son 5 ildə şəhərdə ümumdaxili məhsul istehsalı 2,6; sənaye məhsulu istehsalı 2,9; investisiya qoyuluşu 3,5 dəfə artmış, 32819 yeni iş yeri yaradılmışdır. 2955 yeni istehsal sahəsi fəaliyyətə başlayıb.
Bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyanın məbləği 456 milyon manat olub. Bu da əvvəlki ilin göstəricisinə nisbətən 2,5 dəfə və ya 276 milyon manat artım deməkdir.
Ötən dövr ərzində ticarət dövriyyəsi 912 milyon manat olub, əvvəlki dövrlə müqayisədə 9 faiz artıb.
İqtisadi göstəricilərin artması nəticəsində yerli büdcə gəlirlərinin proqnozu 112,3 faiz, xərc isə 100 faiz icra olub.
Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Məşğulluq Mərkəzi əhalinin işlə təmin olunması sahəsində müvafiq tədbirlər həyata keçirib. Mərkəzə müraciət edənlərin sayı ötən illə müqayisədə xeyli azalmış, 4952 nəfər işaxtaran kimi qeydiyyata alınmış, onlardan 2520 nəfər işlə təmin olunub. Mövsümi işlərə 1590 nəfər cəlb edilib.
Yol infrastrukturunun yaxşılaşdırılması, dəmiryol nəqliyyatının normal hərəkətinin təmin edilməsi və sərnişinlər üçün lazımi şəraitin yaradılması məqsədilə Sumqayıt şəhərində Dəmiryol Vağzalının binası yenidən inşa edilib. Ölkə rəhbəri noyabr ayında Sumqayıta səfəri zamanı yeni inşa edilmiş Vağzal binasının açılışında iştirak etmiş və sərnişinlər üçün yaradılmış şəraitlə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə şəhərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzillə təmin olunması üçün 12-ci mikrorayon ərazisində 1005, Stansiya Sumqayıt yaxınlığında 1000 mənzildən ibarət yeni yaşayış kompleksinin açılışı olub.
Hesabat ilində şəhər Prokurorluğunun yeni inzibati binasının tikintisi başa çatdırılıb, “Nizami” kinoteatrının sökülərək yenidən layihələndirilməsinə və Corat qəsəbəsində yeni 120 yerlik uşaq bağçasının tikintisinə başlanılıb. Məhkəmə kompleksində işlər davam etdirilib. Metallurq küçəsində kompleks yenidənqurma işləri aparılıb, həmin küçədə Acı Dərə kanalının məcrasının dəyişdirilməsi ilə əlaqədar 1800 p/m yeni suötrücü kanalizasiya xətti çəkilib. Şəhərdə 16 küçə və yolda, 10 mikrorayon və 8 məhəllədaxili ərazilərdə ümumilikdə 555,0 min kv. metr asfalt örtüyü, 14200,0 p/m beton, 748,0 p/m qranit bardür dəyişdirilib.
Ötən dövrdə 100 yaşayış binasının dam örtüyü metal kirəmitlə əvəz edilmiş və 68 yaşayış binasında işlər davam etdirilir. Ümumilikdə son illərdə 650-dən çox yaşayış binasının dam örtüyü əsaslı təmir olunub.
Hesabat dövründə lift təsərrüfatının maddi texniki bazasının möhkəmləndirilməsi məqsədilə, əhalinin liftdən təhlükəsiz istifadə etməsinin təmin olunması məqsədilə istismar müddətini ötmüş 105 lift ,ümumilikdə son illər 367 lift yenisi ilə əvəz olunub.
Ölkə rəhbərinin yaxından köməyi sayəsində əhaliyə göstərilən nəqliyyat xidmətinin yaxşılaşdırılması məqsədi ilə xırda tutumlu, istismara yararsız, ekoloji tələblərə cavab verməyən nəqliyyat vasitələri xətlərdən çıxarılmış, sərnişinlərin rahatlığı üçün Türkiyə istehsalı olan 206 ədəd sərnişin avtobusu gətirilərək marşrut xətlərinə buraxılıb, müasir tipli yeni dayanacaqların quraşdırılması işləri davam etdirilib.
Daha sonra məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, çıxışlar dinlənilib. Çıxışlarda 2018-ci ildə görülən işlər təhlil edilib, uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli ilə bağlı təkliflər irəli sürülüb.
Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Keçidlər