İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında əlvan metallar və ferroərintilər zavodunun açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “Baku Non Ferrous and Foundry Company” MMC-nin əlvan metallar və ferroərintilər zavodunun açılışında iştirak edib.
Məhdud Məsuliyyətli Cəmiyyətin müşahidə şurasının sədri Rasim Məmmədov Prezident İlham Əliyevə əvvəlcə yaxın gələcəkdə inşası planlaşdırılan layihənin üçüncü fazası - fasonlu tökmələr zavodunun tikintisi barədə məlumat verdi. Bu zavodda maşınqayırmada, kənd təsərrüfatında, dağ-mədən sənayesində istifadə olunan məhsullar istehsal ediləcək.
Əlvan metallar və ferroərintilər zavodunda isə ildə 25 min ton ferrosilisium və 36 min ton ferrosilikomanqan istehsal olunacaq. Məhsullar daxili bazarın tələbatını tam ödəməklə yanaşı, xaricə də ixrac ediləcək. Bu zavodda Azərbaycan tarixində ilk dəfə olaraq ferrosilisum, ferrosilikomanqan və gələcəkdə ferroxrom da istehsal ediləcək. İnvestisiya dəyəri 25 milyon dollar olan zavodda 125 nəfər işlə təmin olunacaq.
Azərbaycan Prezidenti İlham Əliyev müəssisəni işə saldı.