Sumqayıt şəhərində payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı geniş iclas keçirilib.
Sumqayıt şəhərində 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının yanında şuranın iclası keçirilib.
Şura iclasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov gündəlikdə duran məsələlər, payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə əlaqədar şəhər təsərrüfatında görülmüş işlər və qarşıda görülməsi vacib olan məsələlər haqqında ətraflı məlumat verib. Bildirilib ki, şəhər təsərrüfatının payız-qış mövsümünə hazır olması, əhalinin istilik, təbii qaz, elektrik enerjisi və içməli su ilə fasiləsiz təmin edilməsi məqsədilə Şəhər İcra Hakimiyyətində tədbirlər planı hazırlanıb və bu tədbirlərin icrası istiqamətində bir sıra işlər görülüb.
Qeyd olunub ki, son bir neçə il ərzində Sumqayıt şəhərində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq tədbirləri nəticəsində şəhər əhalisinin fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz və su ilə təmin edilməsi üçün mühüm işlər görülüb, müasir infrastruktur yaradılıb.
Vurğulanıb ki, bu gün əlaqədar qurumların qarşısında duran əsas vəzifə mövcud infrastrukturdan səmərəli istifadə edərək payız-qış mövsümünə hazırlıq işlərini vaxtında və yüksək keyfiyyətlə başa vurmaqdır.
Sonra gündəlikdə duran məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrufatı İstehsalat birliyinin rəis əvəzi Gündüz Əliyev, Sumqayıt Elektrik Şəbəkəsinin baş mühəndisi Arzuman İsmayılov, "Azəriqaz" İstehsalat Birliyi Sumqayıt Qaz İstismar Sahəsinin rəisi Namiq Tarverdiyev, Sumqayıt Su Kanal İdarəsinin rəisi Darvin Hüseynov, Sumqayıt Şəhər İstilik Təsərrüfatı İdarəsinin müdiri Aftandil Nuriyev, Sumqayıt Şəhər TəhsilŞöbəsinin müdir əvəzi Ramin Abbasov, Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyev, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov, Sumqayıt Şəhər “Lift-Servis” Birliyinin rəisi Cümşüd İsmiyev çıxış ediblər.
Şəhər rəhbəri aidiyyəti qurumların rəhbərlərinə qışa hazırlığı sürətləndirmək, mövcud problemləri qısa müddət ərzində aradan qaldırmaqla bağlı tapşırıqlarını verib.