Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda elmi-praktiki konfrans

07 may 2018 | 16:00

Mayın 7-də Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurası, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt şəhər Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr edilmiş elmi-praktiki konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, “Azərbaycanda gənclər və elm siyasəti: ənənəviliyin və müasirliyin harmoniyası” mövzusunda bir araya gələn gənc mütəxəssislər Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra şəhərdəki görkəmli şəxsiyyətin adını daşıyan mərkəzlə yaxından tanış olublar.

Mərkəzin böyük akt zalında keçirilən elmi tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə işə başlayıb.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Teymur Səmədov qonaqları salamlayaraq, dahi şəxsiyyətin anadan olmasının 95 illik yubileyinə həsr edilən belə bir konfransın Sumqayıtda keçirilməsinə görə tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. Teymur Səmədov qeyd edib ki, Ümummilli Liderin ölkəyə rəhbərliyi dövründə sürətlə və uğurla inkişaf edən şəhərlərdən biri də Sumqayıt olub: “Sumqayıt xalqımızın həmrəyliyini təcəssüm etdirən gözəl ənənələri ilə qısa müddət ərzində böyük şöhrət qazanmış, ölkəmizin iftixarına çevrilə bilmişdir”.

Sumqayıtın sosial-iqtisadi inkişafında, əhalinin yaşayışının, güzəranının yaxşılaşmasında ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışan T.Səmədov deyib: “Ulu öndər Azərbaycana rəhbərliyi dövründə Sumqayıta 16 dəfə səfər edib. Sumqayıtın inkişafı və şəhər kimi formalaşması Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Prezident İlham Əliyev tərəfindən də eyni münasibət, eyni siyasət davam etdirilir. Sumqayıtın əvvəlki şöhrətinin özünə qaytarılması və sakinlərin sosial problemlərinin həlli həmişə dövlət başçısının diqqət mərkəzindədir”.

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov çıxışında tarixi keçmişimizə nəzər salaraq deyib ki, Akademiyanın çiçəklənmə dövrü ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlə üst-üstə düşür. Onun sözlərinə görə, Azərbaycanda hüquqi dövlətin şanlı tarixini yaradan Heydər Əliyev 70-ci ildən başlayaraq Akademiyaya xüsusi diqqət və qayğı göstərməklə, Azərbaycan elminə dünya şöhrəti qazandırıb.

Şura sədri bildirib ki, keçmişdə ölkə sərhədlərini çətinliklə aşa bilən Azərbaycan alimlərinin üzünə məhz Heydər Əliyevin hakimiyyət illərində keçmiş İttifaqın bütün nüfuzlu təhsil və elmi-tədqiqat mərkəzlərinin qapıları açıldı: “Təbii ki, bundan ən çox bəhrə görən AMEA oldu. Heydər Əliyevin siyasi uzaqgörənliyi və mükəmməl milli elmi strategiyası sayəsində alimlərimiz, o dövrdə böyük bir coğrafi məkanda ölkə elmini layiqincə təmsil edirdilər. Belə prinsiplər üzərində qurulmuş inkişaf sayəsində Azərbaycanda milli təfəkkürə malik ziyalı ordusu yetişdi və bu ziyalı ordusu, sonda Azərbaycanın müstəqilliyə qovuşmasına öz töhfəsini verdi”.

Famin Salmanov vurğulayıb ki, “Sosial-iqtisadi və mənəvi inkişafda elm ölkənin mühüm ehtiyat mənbəyidir” deyən böyük rəhbər, hələ o dövrlərdə Azərbaycanın müasir və müstəqil dövlətə çevrilməsi üçün elmi konsepsiyanın hazırlanmasına və uğurla həyata keçirməsinə nail ola bilmişdir.

Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışan Şura sədri diqqətə çatdırıb ki, 1995-ci ildən bu yana Azərbaycan gənclərinin respublika forumunun keçirilməsi artıq ənənə halını alıb: “Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində hələ dünyada Beynəlxalq Gənclər Günü elan edilməmiş, ilk dəfə olaraq Azərbaycanda, 1996-cı ildə 2 fevral – Gənclər Günü təsis olundu və belə mühüm Sərəncamın imzalanması Ulu Öndərimizin gəncliyə verdiyi böyük önəmin və dəyərin təzahürü idi”.

Sonra Sumqayıt Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Günay Şükürova “Heydər Əliyev və Azərbaycanda təhsilin milliləşdirmə strategiyası”, Azərbaycan Dövlət İdarəçilik Akademiyasının doktorantı Məzahir Əfəndiyev “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti”, AMEA Hüquq və İnsan Haqları İnstitutunun “Dövlət və Konstitusiya hüququ” şöbəsinin rəhbəri, hüquq elmlər doktoru Ayxan Rüstəmzadə “Heydər Əliyev və hüquqi islahatlar”, AMEA Qafqazşünaslıq İnstitutunun doktorantı Yeganə Baxşıyeva “Heydər Əliyev və Qafqazda sülh prosesi” və AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsən “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzularında məruzə ediblər.

Keçidlər