Sumqayıtda 20 Yanvar şəhidlərinin xatirəsi yad edildi.
Azərbaycan xalqının qan yaddaşına qəhrəmanlıq günü kimi əbədi həkk olunan 20 Yanvar faciəsinin 28-ci ildönümü Sumqayıt şəhərində də böyük izdihamla qeyd olunub.
Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, minlərlə sumqayıtlı Şəhidlər xiyabanında Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsinə ucaldılan abidəni və Vətənimizin qəhrəman övladlarının məzarlarını ziyarət ediblər.Sumqayıt Cümə Məscidinin axundu şəhidlərin ruhuna dua oxuyub.
1990-cı ilin yanvar hadisələri zamanı Sumqayıt-Bakı magistral yolunun 24-cü kilometrliyində, Ceyranbatan qəsəbəsi ərazisində şəhid olmuş sumqayıtlı alimlər – İbrahim İbrahimovun, İsmayıl Mirsaqulovun və Svetlana Məmmədovanın xatirə abidəsi də ziyarət edilib. Xatırladaq ki, sovet ordusuna məxsus zirehli texnika alimlər işdən Bakıya qayıdan zaman onların olduğu avtomobilini əzərək üstündən keçmişdir. Hadisə nəticəsində hər üç alimimiz amansızcasına qətlə yetirilmişdir.
Şəhər rəhbərliyi şəhid alimlərin ailə üzvləri ilə görüşmüşdür.