Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaranmasının 12-ci ildönümü münasibətilə FHN Sumqayıt Regional Mərkəzinin əməkdaşları şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları və qiymətli hədiyyələri ilə mükafatlandırıldı.
Tədbir ümummilli lider Heydər Əliyevin Sumqayıt şəhərində ucaldılmış abidəsi önünə gül-çiçək dəstələrinin qoyulması ilə başlayıb. Sonra tədbir Mərkəzin akt zalında davam etdirilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Əməkdaşlar 1 dəqiqəlik sükutla ulu öndərin xatirəsini böyük hörmət və ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən şəhər İcra hakimiyyəti başçısının 1-ci müavini Faiq Kərimov Fövqəladə Hallar Nazirliyinin yaradılma zərurəti, bugünədək keçdiyi yol, qısa zaman ərzində qazandığı nailiyyətlər barədə məlumat verib və FHN-nin qüvvələri respublika ərazisində baş verən fəlakət hallarının aradan qaldırılmasında, yanğınların söndürülməsində, subasmaya məruz qalan ərazilərdə, sürüşmə zonalarında yaranan təhlükələrin aradan qaldırılmasında, zərərçəkən əhaliyə ilkin tibbi xidmətin göstərilməsində, xilasetmə əməliyyatlarında peşəkarlıq nümunəsi göstərildiyi qeyd olunub.
Sonda Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının peşə bayramı və xidmətində səmərəli fəaliyyətə görə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə təltif olunmuş əməkdaşlara Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Faiq Kərimov tərəfindən fəxri fərmanlar və hədiyyələr təqdim olunub.