Şriftin ölçüsü :

Saytın rəngi :

İlham Əliyev Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasının açılışında iştirak edib

15 dekabr 2017 | 16:00


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasının açılışında iştirak edib.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycanda regionların sürətli sosial-iqtisadi inkişafı göstərir ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı uğurla davam etdirir. Paytaxtla yanaşı, bölgələr də inkişaf edir. Regionlarda yeni inzibati binaların tikintisi davam etdirilir. Azərbaycanın aparıcı siyasi qüvvəsi olan və 2017-ci ildə yaranmasının 25 illiyini qeyd edən Yeni Azərbaycan Partiyası ölkə həyatının bütün sahələrində yaxından iştirak edir, respublikamızın tərəqqisinə mühüm töhfələr verir. Sıraları getdikcə genişlənən partiyanın ümumi amallar naminə uğurlu fəaliyyətində rayon təşkilatlarının da böyük rolu var. Yeni Azərbaycan Partiyası rayon təşkilatlarının yeni inşa olunmuş inzibati binaları da müasirliyi ilə seçilir və həmin binalarda səmərəli fəaliyyət üçün hər cür şərait yaradılır.

Son illərdə Sumqayıt şəhərində çoxlu sosial təyinatlı infrastruktur obyektləri tikilib istifadəyə verilib. Bu sırada inzibati binalar da xüsusi əhəmiyyət kəsb edir. Sumqayıt şəhərinin ictimai-siyasi həyatında mühüm rol oynayan partiyanın yeni inzibati binasında yaradılan şərait təsdiqləyir ki, Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın daha parlaq gələcəyi naminə fəaliyyətində bundan sonra da səylərini əsirgəməyəcək.

Məlumat verildi ki, üçmərtəbəli binanın foyesində Yeni Azərbaycan Partiyasının yaradıcısı ulu öndər Heydər Əliyevin büstü qoyulub, Heydər Əliyev guşəsi yaradılıb. Binada inzibati otaqlar, həmçinin deputat otağı, 300 yerlik iclas zalı var. İclas zalında Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bağlı müxtəlif tədbirlərin, seminarların və konfransların yüksək səviyyədə keçirilməsi mümkündür. Burada, eyni zamanda, şəhərin həyatında baş verən əlamətdar günlərlə bağlı tədbirlər keçiriləcək. Binada müxtəlif xidmət otaqları da fəaliyyət göstərəcək.

Onu da deyək ki, respublikanın hər yerində olduğu kimi, Sumqayıt şəhərində də Yeni Azərbaycan Partiyasının üzvləri fəallıqları ilə seçilirlər. Onlar şəhərin ictimai-siyasi həyatında fəal iştirak edir, Sumqayıtın sosial-iqtisadi inkişafına töhfələrini verirlər. Hazırda Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının 26 min 150 nəfər üzvü var ki, onlardan da 13 min 837-si qadınlar, 14 min 429-u isə gənclərdir.

Keçidlər