İlham Əliyev Sumqayıtda “Kimyaçı” Mədəniyyət Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıtda Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin “Kimyaçı” Mədəniyyət Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdi.
Bildirildi ki, Sumqayıtda “Kimyaçı” Mədəniyyət Sarayı 1986-cı ildə istifadəyə verilib. 2011-ci ildə Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfəri zamanı “Kimyaçı” Mədəniyyət Sarayının mövcud vəziyyəti ilə tanış olub, bu mədəniyyət ocağının əsaslı şəkildə yenidən qurulması ilə bağlı tapşırıqlar verib. 2013-cü ilin oktyabr ayında isə burada əsaslı təmir işlərinə başlanılıb. Elə həmin il dövlətimizin başçısı Sumqayıta səfəri zamanı Mədəniyyət Sarayında və ətraf ərazidə aparılan abadlıq-quruculuq işləri ilə tanış olub. Yenidənqurma işləri bu ilin sentyabr ayında tam başa çatdırılıb. Sarayın yenidən qurulması işləri yüksək keyfiyyət və müasir dizaynla yerinə yetirilib. Üçmərtəbəli binanın ümumi sahəsi 6900 kvadratmetrdir. Saraydakı 750 tamaşaçı yerlik konsert zalı yüksək səviyyədə qurulub. Zalın yenidən qurulması zamanı müasir akustik sistemlərdən istifadə olunub. Həmçinin binada qonaq, qrim və rejissor otaqları yaradılıb. Sahəsi 270 kvadratmetr olan rəqs zalı, kafe və dərnək otaqları da mədəniyyətsevərlərin ixtiyarına verilib.
“Kimyaçı” Mədəniyyət Sarayında təsviri və tətbiqi incəsənət, əl ilə toxuma dərnəkləri fəaliyyət göstərir.
Dövlətimizin başçısına Mədəniyyət Sarayındakı xalça qobelen haqqında da məlumat verildi. Bildirildi ki, müəllifi Xalidə Seyidova olan bu xalça 1980-ci ildə toxunub. Yun tərkibli xovsuz toxunuşlu, sadə və mürəkkəb keçirtmə əl işi olan xalça bir-birinə birləşdirilmiş altı hissədən ibarətdir. Ara sahənin üzərində Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinin və mədəniyyət xadimlərinin portretləri, Qobustan qayaüstü təsvirlər, xalça naxışları təsvir olunub.
Prezident İlham Əliyev sumqayıtlı sənətkarların əl işləri ilə tanış oldu.
Sarayda xanəndəlik, zərb alətləri, rəqs, instrumental ifaçılıq dərnəkləri də fəaliyyət göstərir.
Azərbaycan zəngin mədəniyyəti ilə həmişə fəxr edib. Azərbaycanın mədəni dəyərləri dünya mədəniyyətinin ayrılmaz parçasıdır. Son illərdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanda mədəniyyət sahəsinin inkişafı istiqamətində çox mühüm və tarixi işlər görüblər. Bu baxımdan yeni mədəniyyət ocaqlarının yaradılması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması ilə bağlı layihələrin coğrafiyası son illərdə daha da genişlənib. “Azərikimya” İstehsalat Birliyinin “Kimyaçı” Mədəniyyət Sarayının əsaslı şəkildə yenidən qurulması da bu işlərin ardıcıl surətdə davam etdirilməsini nümayiş etdirir.
Mədəniyyət Sarayının qarşısındakı 5 hektarlıq meydanda geniş abadlıq-quruculuq və yaşıllaşdırma işləri aparılıb, kommunikasiya xətləri və işıqlandırma sistemi yenidən qurulub. Burada fəvvarə və 100 avtomobil yerlik dayanacaq yaradılıb.