Sumqayıtda “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda regional ictimai müzakirə keçirilib.
Tədbir zamanı Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Azərbaycan Respublikası Prezidentinin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin sektor müdiri Elxan Mikayılov və Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının I müavini Faiq Kərimov çıxışlar ediblər. Onlar bildiriblər ki, Abşeron iqtisadi rayonunun ölkədə aparılan iqtisadi islahatların fonunda əhəmiyyətli inkişafı nəzərə çarpır: “Sumqayıtın sənaye potensialı ölkənin qeyri-neft ixracının artımı və iş yerlərinin yaradılması baxımından əhəmiyyətlidir. Xüsusilə, Kimya Sənaye Parkında polimer, iri diametrli polietilen boru, polad boru və şüşə lövhələrin istehsalı təkcə qeyri-neft sənayesi üçün deyil, bütövlükdə iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişafına xidmət edir. Sumqayıt Texnologiyalar Parkı ölkədə iqtisadi modernizasiya siyasətinin parlaq nümunəsidir. Abşeron iqtisadi rayonu həm də turizm və kənd təsərrüfatının da inkişafı üçün potensiala malikdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar Abşeron iqtisadi rayonunda sahibkarlığın inkişafı üçün münbit şərait yaradıb. Təsadüfi deyil ki, bu bölgənin şirkətləri Azexport.az portalı vasitəsilə qeyri-neft sektoru məhsullarına sifarişlər alırlar”.
İctimai müzakirələr zamanı İİTKM-nin departament rəhbəri Ayaz Çaparlı və İqtisadiyyat Nazirliyinin sektor müdiri Fariz Əhmədov iqtisadi islahatlar barədə prezentasiyalar təqdim ediblər. Tədbirdə Vergilər nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentinin rəhbəri Abbas İsmayılov və Kənd Təsərrüfatı Nazirliyinin regional nümayəndələri də iştirak edib.
Çıxışlar yekunlaşdıqdan sonra sahibkarları, bələdiyyə və ictimaiyyət nümayəndələrini maraqlandıran suallara cavablar verilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı müzakirələrə yekun vuraraq bildirib ki, Abşeron iqtisadi rayonunun sənaye, turizm, nəqliyyat və aqrar sahədəki potensialının daha səmərəli istifadəsi üçün iqtisadi islahatlar geniş imkanlar açır: “Bu baxımdan ictimai məlumatlılığın və iştirakçılığın təmin edilməsi islahatların gətirdiyi faydaları daha yaxşı mənimsəməyə imkan verir. Eyni zamanda region ictimaiyyətinin rəyi yeni islahatların həyata keçirilməsi zamanı nəzərə alınır”.
Qeyd edək ki, indiyə qədər İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Ağdam, Şəki, Quba, İsmayıllı və Gəncədə 1000-dən artıq ictimaiyyət nümayəndələri ilə birlikdə belə müzakirələr aparılıb.