Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov TET Gimnaziyanın kollektivini tədris ocağının 70 illik yubileyi münasibətilə təbrik etdi.

02 oktyabr 2017 | 16:00

Ölkənin ən qabaqcıl orta məktəblərinin sırasında yer alan Sumqayıtdakı Təbiət Elmləri Təmayüllü Gimnaziya 70 illik yubileyini təntənə ilə qeyd edib. Şərəfli yol keçən, uğurlu nəticələri ilə həmişə örnək olan gimnaziya 1946-1947-ci tədris ilində fəaliyyətə başlayıb. 1952-ci ildə indiki binasına köçüb, 1990-cı ildən isə gimnaziya statusu alıb.
Sumqayıt Dövlət Dram Teatrında keçirilən yubiley tədbirində məktəbin direktoru, Əməkdar Müəllim Nizami Əhmədov qonaqları salamlayaraq, təhsil müəssisəsinin tarixindən söz açıb. Bildirilib ki, 1992-ci ildən bu günə kimi məktəbin 203 məzunu 600-dən çox bal toplayıb, 21 nəfər Prezident təqaüdünə layiq görülüb. Gimnaziyanın şagirdləri fizika, kimya, riyaziyyat, Azərbaycan dili və ədəbiyyat üzrə keçirilmiş fənn olimpiadalarında hər il yüksək nəticələr əldə edirlər. Bu il isə məktəbin uğurları sırasında 1 qızıl, 3 gümüş, 7 bürünc medal var. Ötən tədris ilində 59 məzundan 43 nəfər 600-dən çox bal toplayıb, 4 nəfər Prezident təqaüdünə layiq görülüb, 1 nəfər 700 bal toplayıb.
Direktor məktəbin pedaqoji kollektivinin səylə çalışdığını, şagirdlərin təhsilində, dünya görüşünün formalaşmasında əvəzsiz xidmətlər göstərdiyini vurğulayıb. Belə ki, pedaqoji kollektivin 10 müəllimi müxtəlif illərdə “İlin ən yaxşı müəllimi” adına layiq görülüb.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tədris ocağının 70 illik yubileyi münasibətilə məktəb kollektivini təbrik edib. O, respublikamızda təhsilin inkişafı istiqamətində əldə olunan uğurlardan, həyata keçirilən layihələrdən bəhs edib, ölkəmizdə yüksək təhsil almaq üçün dövlət tərəfindən hər cür şərait yaradıldığını bildirib.
Təhsil Nazirliyinin məsul əməkdaşı Əhliyyət Adıgözəlov, şəhər Təhsil Şöbəsinin müdiri Nizami Namazov son illər ölkəmizdə aparılan təhsil islahatlarından söz açıb, ümummilli lider Heydər Əliyevin hələ keçən əsrin 70-ci illərində təhsilə göstərdiyi diqqət və qayğıdan danışıblar.
Tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib. Sonda səmərəli fəaliyyətinə görə fərqlənən müəllimlər fəxri fərman və döş nişanları ilə təltif ediliblər.

 

 

Keçidlər