Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Prokurorluq işçilərini peşə bayramı günü münasibəti ilə təbrik etdi.
1 oktyabr – prokurorluq işçilərinin peşə bayramı günü Sumqayıtda qeyd olunub.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.
Sonra Heydər Əliyev Mərkəzinə gələn iştirakçılar Ulu Öndərin mənalı həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən eksponatlarla tanış olublar. Ümummilli lider Heydər Əliyevin ölkəmizdə, o cümlədən Sumqayıtda müxtəlif obyektlərin açılışında iştirakının, ictimaiyyətin nümayəndələri ilə görüşlərinin əks olunduğu fotolar böyük maraq doğurub.
Daha sonra tədbir Sumqayit Şəhər Prokurorluğunun inzibati binasında davam etdirilib.
Sumqayıt şəhər prokuroru Sərdar İmanov əməkdaşları peşə bayramı münasibətilə təbrik edərək bildirib ki, Azərbaycanda milli prokurorluq orqanlarının yarandığı gündən 99 il ötür. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasının Prokurorluğu sinfi mənafelərə xidmət edən orqandan qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydasının qorunmasına xidmət edən mütəşəkkil quruma çevrilməklə sivil və demokratik inkişaf yolu keçib.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev prokurorluq orqanlarına həmişə diqqət və qayğı ilə yanaşıb, Azərbaycan Prokurorluğunun əməkdaşlarının sosial durumunun yaxşılaşdırılması istiqamətində mühüm fərman və sərəncamlar imzalayıb.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhər prokurorluğunun əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək onlara çətin və məsuliyyətli işlərində uğurlar arzulayıb. Bildirib ki, dövlətçilik ideyalarına sarsılmaz inam və sadiqlik nümayiş etdirən prokurorluq orqanları qanunun aliliyinin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, vətəndaşların hüquqlarının etibarlı müdafiəsində yorulmadan xidmət göstərir.
Diqqətə çatdırılıb ki, dövlətimizin başçısı İlham Əliyev tərəfindən həyata keçirilən hüquq islahatları nəticəsində qanunçuluğu və insan azadlığını hərtərəfli təmin edən vətəndaş cəmiyyəti quruculuğu prosesində prokurorluq orqanları üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər.
Sonda xidmətdə fərqlənən əməkdaşlar Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəxri fərman və hədiyyələri ilə təltif olunublar.