Sumqayıtda Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı qeyd olundu.
Sumqayıt şəhərində yerləşən Xüsusi Dövlət Mühafizə Xidmətinin regional şöbəsində Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günü qeyd edilib.
Bu münasibətlə xidmətin şəxsi heyəti müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, ulu öndərin abidəsi önünə gül dəstələri qoyublar. Daha sonra Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsini yad ediblər.
Xüsusi Dövlət Mühafizə Xidmətinin Sumqayıt regional şöbəsində baş tutan tədbiri giriş nitqi ilə açan regional şöbənin rəisi mayor Vasif Əsgərov onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildirib.
Qurumun tarixindən danışan şöbə rəisi dövlətə, xalqa, prezidentə hər zaman sadiq olacaqlarını, layiqli və qüsursuz xidmət edəcəklərini bildirib.
Qeyd olunub ki, Xüsusi Dövlət Mühafizə Xidməti şanlı döyüş yolu keçib. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında XDMX hərbi qulluqçuları da şərəflə iştirak edib, qəhrəmanlıq nümunələri göstəriblər.
Daha sonra çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Faiq Kərimov ilk öncə bütün şəxsi heyəti Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun adından səmimi qəlbdən təbrik edib, Sumqayıt şəhərində son zamanlar həyata keçirilən abadlıq-quruculuq işləri haqqında geniş məlumat verib.
Vurğulanıb ki, son zamanlarda Xüsusi Dövlət Mühafizə Xidmətinin inkişafı və maddi-texniki bazasının gücləndirilməsi, əməkdaşlarının peşəkarlığının artırılması istiqamətində mühüm işlər görülüb.
Tədbirin sonunda nümunəvi xidmətinə görə seçilən bir neçə hərbi qulluqçu Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən fəxri fərman və qiymətli hədiyyə ilə təltif olunublar.