Sumqayıtda qeyri-formal məşğulluğun aradan qaldırılması ilə bağlı sahibkarlarla görüş keçirilib.
İyunun 20-də Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Əhmədov Sumqayıt şəhərində fəaliyyət göstərən bir qrup sahibkar və iri vergiödəyicilərinin nümayəndələri ilə görüşüb.
“Qeyri-formal məşğulluğun mövcudluğuna şərait yaradan obyektiv və subyektiv şərtlər və onun aradan qaldırılması üçün təkliflər” mövzusunda baş tutan görüşdə Ə.Əhmədov bildirib ki, bu gün Azərbaycan iqtisadiyyatının sürətli inkişafı göz qarşısındadır. Ölkə iqtisadiyyatı son 12 ildə böyük inkişaf yolu keçib. Yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə qədər azalıb. Əməkhaqları 3 dəfədən çox artıb, məktəblərin, səhiyyə müəssisələrinin tikintisi həyata keçirilib. Şəhər və qəsəbələrdə böyük abadlıq işləri görülüb. Bu dövr ərzində Azərbaycanda 1 milyon 600 min iş yeri açılıb, iqtisadiyyatda 3,5 dəfə artım olub.
Baş nazirin müavini qeyd edib ki, Azərbaycan əhalisinin 4,6 milyon nəfəri iqtisadi cəhətdən fəaldır. Bunlardan 1,5 milyon nəfəri iqtisadi fəaliyyətini rəsmiləşdirib. İqtisadi fəaliyyətini tənzimləməyən insanların isə 70-75 faizinin əmək müqaviləsi yoxdur.
Onun sözlərinə görə, hökuməti narahat edən məsələlərdən biri “qara mühasibatlığ”ın mövcudluğudur. 2016-cı ildə Dövlət Sosial Müdafiə Fonduna 1 milyard 921 milyon manat vəsait daxil olub ki, bunun da 1,5 milyon manatı əmək münasibətləri tənzimlənən muzdlu işçilərinin hesabına formalaşıb. Azərbaycanın əmək haqqı fondu 9 milyard manatdır. Ümumi olaraq çalışan işçilərin bir hissəsi qanunvericilik əsasında məcburi sosial ödəmələrdən azad olunduqları üçün əmək haqqı fondu 7 milyard 854 milyon manat təşkil edir. Bu məbləğdən toplanmalı olan vəsait 1 milyard 885 milyon manatdır. Ötən il toplanan vəsaitin 1 milyard 921 milyon manat olduğunu nəzərə alsaq fərq 36 milyon manatdır. Bu 36 milyon manat vəsait isə 4,6 milyon iqtisadi cəhətdən fəal olan əhalinin əmək fəaliyyəti tənzimlənməyən hissəsindən toplanıb.
“Qanunla əmək fəaliyyəti tənzimlənməyən şəxslər gələcəkdə pensiya yaşına çatdıqda hüquqları pozulacaq. Bu zaman dövlət həmən şəxsləri sahibkarların üzərinə göndərəcək. Hüquqlarını bərpa etmək istəyən şəxslər isə bu məsələni məhkəmədə həll edəcək. Belə olan halda gərgin vəziyyət yaranacaq. Hökumətin istəyi ondan ibarətdir ki, sahibkarlar işə götürdükləri şəxslərin əmək hüquqlarını təmin etsinlər, gələcəkdə bu cür xoşagəlməz hallar yaşanmasın”, - deyə Baş nazirin müavini Əli Əhmədov bildirib.
Sonda sahibkarların sualları dinlənilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.