Koreya Respublikasının Azərbaycandakı səfiri Sumqayıt şəhərinə səfər edib.
Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu Sumqayıt şəhərində səfərdə olub.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla keçirilən görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, investisiya imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qonağı salamlayaraq, şəhərin tarixi, sosial-iqtisadi inkişafı, sənaye potensialı, son vaxtlar həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Z.Fərəcov Sumqayıtın bir sıra dünya şəhərləri ilə dostluq, əməkdaşlıq əlaqələri qurduğunu diqqətə çatdırıb. Qeyd olundu ki, gələcəkdə Koreyanın hər hansı bir şəhəri ilə də Sumqayıt arasında qardaşlıq münasibətləri yaradıla bilər.
Sumqayıt şəhərinə səfərdən məmnun qaldığını diqqətə çatdıran Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu şəhərin davamlı inkişafını yüksək qiymətləndirib.
Səfir qeyd edib ki, Koreya ilə Azərbaycan arasında möhkəm diplomatik və mədəni əlaqələr mövcuddur və gələcəkdə iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlər vardır. Kareya Respublikasındakı mövcud texnoparklarla Sumqayıt şəhərində fəaliyyət göstərən texnoparklar arasında əməkdaşlıq əlaqələrinin qurulmasının və qarşılıqlı səfərlərin təşkil olunmasının vacibliyi vurğulanıb. İqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük imkanların mövcudluğu qeyd edilib.
Azərbaycanın idman ölkəsi olduğunu vurğulayan qonaq Sumqayıt şəhərində də taekvando üzrə yarışların keçirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.