Sumqayıtda “Böyük Hindistan toyu” adlı rəqs tamaşası səhnəyə qoyuldu.
Hindistanın Azərbaycandakı səfirliyinin təşəbbüsü və Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt Dövlət Dram Teatrında Hindistan incəsənət ustalarının ifasında maraqlı “Möhtəşəm Hindistan toyu” rəqs tamaşa nümayiş olunub. Tamaşa Azərbaycan respublikası ilə Hindistan arasında diplomatik münasibətlərin 25 illiyi münasibəti ilə keçirilən silsilə tədbirlər çərçivəsində baş tutub.
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Hindistanın Azərbaycandakı səfiri Sancay Rana iştirak edib.
Açılış mərasimində Hindistanın Azərbaycandakı səfiri Sancay Rana mədəni tədbirlərin keçirilməsini təqdirəlayiq hesab edib. Bildirib ki, bu cür tədbirlər artıq özünəməxsus bir ənənəyə çevrilib və mədəni-yaradıcılıq sahəsində mübadilə, eləcə də ölkələrin mədəni nailiyyətlərini əks etdirmək baxımından əhəmiyyətlidir. Vurğulanıb ki, hər iki ölkənin mədəniyyət sahəsindəki münasibətləri qədim köklərə söykənir. Həmçinin, natiq belə tədbirlərin keçirilməsini xalqlarımızın daha da yaxınlaşması baxımından əhəmiyyəti olduğunu vurğulayıb. Bu bizim 25 illik diplomatik münasibətlərimizin əyani göstəricisdir”- bu fikirləri Sancay Rana səsləndirib.
Rəsmi hissədən sonra “Möhtəşəm Hindistan toyu” rəqs tamaşası nümayiş olunub. Tamaşa Hindistan cəmiyyətində baş verən açıqlığa doğru dəyişilməni və müxtəlif mədəniyyətlərin qəbul olunmasını özündə əks etdirir. Hindistanın 29 ştatı arasındakı mədəni müxtəlifliyi təsvir etmək məqsədi ilə ifa olunan rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Tamaşanın sonunda Hindistanın ölkəmizdəki səfirinə Sumqayıt şəhər İcra Hakimiyyəti adından hədiyyələr təqdim olunub. Sonda milli musiqilərimiz, eləcə də Qarabağ şikəstəsi ifa olunub.