Sumqayıtda Faşizm üzərində Qələbənin 72-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Sumqayıtda İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 72-ci ildönümü geniş şəkildə qeyd olunub.
Tədbirdə şəhər icra hakimiyyətinin və hüquq mühafizə orqanlarının nümayəndələri, Milli Məclisin deputatları, müharibə veteranları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri qoyublar. Müharibədə həlak olan həmyerlilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın dövlət himni səsləndirilib.
Tədbirdə müharibənin bəşəriyyətə gətirdiyi faciədən, Azərbaycan xalqının ön və arxa cəbhədə göstərdiyi qəhrəmanlıqlardan, Qələbənin qazanılmasında Bakı neftinin müstəsna rolundan bəhs edilib. Sumqayıtlılar torpaqlarımızın işğaldan azad ediləcək günün də tezliklə qeyd olunacağına inandıqlarını bildiriblər.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov veteranlarla görüşüb, onları faşizm üzərində əldə olunmuş qələbə münasibəti ilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb.
Tədbirdə çıxış edən veteranlar keçdikləri şərəfli ömür yolundan danışaraq öz xatirələrindən söz açıb, onlara göstərilin diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.Qələbə günü münasibətilə keçirilən paradda milli ordunun “N” saylı hərbi hissəsinin əsgərləri, nəfəsli alətlərin orkestri, Sumqayıtdakı məktəbliləri təmsil edən “Şahin” komandaları, hərbi geyimli məktəblilər iştirak ediblər.
Parad iştirakçıları abidənin önündən keçəndən sonra şəhərin küçələri boyunca hərəkət ediblər. Hərbi marşın sədaları altında nizami addımlarla irəliləyən paradı minlərlə şəhər sakini izləyib.