Şriftin ölçüsü :

Saytın rəngi :

IV İslam Həmrəyliyi Oyunlarının “Xəzərdən başlayan su səyahəti”nin Sumqayıt mərhələsi keçirilib.

05 may 2017 | 16:00

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin iştirakçıları mayın 5-də Sumqayıta gəliblər.
    Azərbaycanın 15 bölgəsindən keçən bu səyahət turu xalqımıza idman bayramı əhval-ruhiyyəsi bəxş etməklə bərabər, eyni zamanda, həmrəylik və sevinc hissi də nəsib edib. Xatırladaq ki, Prezident İlham Əliyevin iştirakı ilə aprelin 5-də Bakıda Xəzərdən başlayan su səyahətinə start verilib. Mayın 5-də su səyahətinin iştirakçıları marşrutun sonuncu ünvanına – Xəzər dənizinin sahilinə yetişiblər.
    Prezident təqaüdçüsü, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Məmməd Eyvazov, yunan-Roma güləşi üzrə gənclər arasında Avropa çempionu, dünya kubokunun gümüş medal mükafatçısı Nofəl Babayev və futbol həvəskarı Səlim İmranlı “Bakı-2017”nin misdən hazırlanmış səhəngini Sumqayıtda Xəzərin sahilindən su ilə dolduraraq, axşam keçiriləcək festivala yollanıblar.
    Sonra “Domestic Grassroots” proqramı çərçivəsində Sumqayıt Olimpiya İdman Kompleksində “Sport joys – Regional idman tədbiri” keçirilib. IV İslam Həmrəyliyi Oyunlarının təbliğatı və gənclərin idmana cəlb edilməsi məqsədi ilə reallaşan tədbirdə müxtəlif idman müsabiqələri təşkil olunub.
    Tədbirin qonaqları arasında Oyunların idmançı səfiri İlham Zəkiyev, ulduz səfirlər Rəfael İsgəndərov, Coşqun Rəhimov, Müşviq Abbasov və Hacı Nuran olub.
   Məktəblilər idmanın müxtəlif növləri üzrə qüvvələrini sınayıblar. Musiqili-əyləncəli idman tədbiri iştirakçılara xoş anlar yaşadıb. Qaliblərə mükafatlar təqdim olunub.
     Bir ay davam edən su səyahəti Sumqayıtda möhtəşəm festivalla yekunlaşıb.
      Aprelin 5-dən mayın 5-dək davam edən “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının   Xəzərdən başlayan su səyahətinin sonuncu ünvanı Sumqayıt şəhəri olub.
Mayın 5-də axşam saatlarında Bayraq meydanında keçirilən su festivalını minlərlə sakin izləyib.
      Festivalın əvvəlində iştirakçılara “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları haqqında məlumat verilib. Bildirilib ki, 50-dən çox İslam ölkəsindən olan üç mindən artıq atlet idmanın 20 növü üzrə on yarış günü ərzində mübarizə aparacaq. Mayın 12-dən 22-dək davam edəcək yarışlar Bakının ən müasir 16 idman meydançasında təşkil olunacaq. İslam Həmrəyliyi Oyunlarının təşkilinin əsas məqsədi İslam ölkələri arasında həmrəylik və əməkdaşlıq ruhunun möhkəmləndirilməsi və müsəlman gəncləri arasında əlaqələrin inkişaf etdirilməsidir.
      Daha sonra festival iştirakçıları “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin başlanması, Prezident İlham Əliyevin su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan səhəngi sumqayıtlı uşağa təhvil verməsi görüntülərini izləyiblər. Xəzər dənizindən götürülmüş suyun keçdiyi səyahət yoluna nəzər salınıb.
Oyunların ulduz səfiri, Əməkdar Artist Tünzalə Ağayevanın, ifaçılar Fəhmin Əhmədli və Leyla Məmmədovanın, “Mirvari” rəqs qrupunun ifaları, möhtəşəm su effekti və atəşfəşanlıq sumqayıtlılara və şəhərin qonaqlarına unudulmaz anlar yaşadıb.

Keçidlər