Şriftin ölçüsü :

Saytın rəngi :

“Tour d'Azerbaidjan-2017” beynəlxalq velosiped turunun Sumqayıt mərhələsi keçirildi.

03 may 2017 | 16:00

Mayın 3-də Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı, ümummilli lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş “Tour d’Azerbaidjan-2017” veloturuna start verilib. İlk yarış günündə iştirakçılar Dövlət Bayrağı Meydanından start götürməklə Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısında finiş xəttini keçiblər.
    150 kilometr məsafəni hamıdan tez İsrailin Pro-kontinental “İsrael Cycling Academy” komandasının üzvü Mikel Raim keçib – 3 saat, 4 dəqiqə, 11 saniyə. Latviyanın kontinental “Rietumu Banka-Riga” komandasının təmsilçisi Emils Liepins və İtaliyanın Pro-Kontinental “Nippo Vini-Fantini” klubunun velosipedçisi Pyer Paolo de Neqri mərhələ qalibi ilə eyni vaxt göstəricisinə imza atsalar da, fotofinişə əsasən 2-3-cü yerləri tutublar. Azərbaycanın kontinental “Synergy Baku” komandasının üzvlərinin hamısı marşrutu ümumi pelotonda başa vurublar.
   Mərhələ qalibiyyəti Mikel Raimi ümumi təsnifatın liderliyinə yüksəldib və o mavi rəngli “Synergy” köynəyinə yiyələnib. Bundan başqa, Raim aralıq sprintlərində hamıdan çox xal toplamaqla ən yaxşı sprinter üçün nəzərdə tutulan yaşıl rəngli “SOCAR” köynəyinə də sahib çıxıb.
    Mərhələnin ən yaxşı dağ velosipedçisi Ukraynanın kontinental “Kolss” komandasının üzvü Vitaliy Buts olub. O qırmızı rəngli “AZAL” köynəyinə layiq görülüb. ABŞ-ın Pro-kontinental “Novo Nordisk” klubunun təmsilçisi Mehdi Benhamuda isə ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli “ATAHOLDİNG” köynəyi ilə mükafatlandırılıb.
Velosipedçiləri Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov təltif ediblər. Bundan başqa, Zakir Fərəcov mərhələ qalibini və Azərbaycanın “Synergy Baku” komandasını xüsusi xatirə hədiyyələri ilə təltif edib.
   Mayın 4-də yarışın ikinci mərhələsi keçiriləcək. Bu dəfə iştirakçılar Bakıdan İsmayıllıyadək olan 187 kilometr məsafəni qət edəcəklər.
Qeyd edək ki, “Tour d’Azerbaidjan-2017” yarışında 18 ölkənin 22 komandası mübarizə aparır.

 

 

 

 

 

 

Keçidlər