Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilib.
Martın 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilib. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov müşavirədə çıxış edib. Zakir Fərəcov sumqayıtlılar adından ölkənin Birinci vitse-prezidenti təyin olunmağı münasibətilə Mehriban xanımı ürəkdən təbrik edib, cansağlığı və işlərində uğurlar arzulayıb.
Zakir Fərəcov qeyd edib ki, məlum hadisələr nəticəsində Sumqayıt şəhərində respublikamızın 10 şəhər və rayonundan 13 min 330 ailə, 52 min 176 məcburi köçkün müvəqqəti olaraq məskunlaşıb. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı əlavə edib ki, məcburi köçkünlərin məskunlaşdığı sosial və digər obyektlər, yataqxanaların əksəriyyəti sanitar norma və tələblərə cavab vermir. Ən adi məişət şəraiti belə mövcud deyil. Hazırda köçkünlərin yaşadığı on beş yataqxana binası qəzalı vəziyyətdədir. Məktəblərdə əlavə sinif otaqlarına və şəhərdə uşaq bağçalarına tələbat 25 faiz ödənildiyi üçün yenilərinin tikintisinə böyük ehtiyac olduğu halda, əksər məktəblərdə və 56 uşaq bağçasının 50-də məcburi köçkünlər yerləşdirilib. Bütün bunlarla yanaşı, şəhərdə məskunlaşmış məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə yeni şəhərciyin salınması məqsədəuyğun olardı. Zakir Fərəcovun sözlərinə görə, digər variant, şəhərdəki İnşaatçılar yaşayış sahəsində ötən əsrin 40-50-ci illərində tikilmiş, istismar müddəti ötmüş, qəzalı vəziyyətdə olan taxta konstruksiyalı, kommunal xidmətləri olmayan, ikibloklu, səkkizmənzilli binaların sökülərək yerində hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikilməsidir. Sumqayıtdan kənarda, 8-10 kilometrlik məsafədə yerləşən 200 hektar ərazidə kommunikasiya xətləri olmadığı halda, təklif edilən ikinci variantda - şəhərin köhnə hissəsində bu imkan var. Yəni, kommunikasiya xətlərinin çəkilməsinə ehtiyac duyulmur.
Zakir Fərəcov qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində qaçqın və məcburi köçkünlər dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunmuşlar. Yerlərdə onların sosial-məişət problemlərinin həlli istiqamətində müvafiq işlər həyata keçirilir və bu məsələ daim diqqətdə saxlanılır.