Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 5-ci ildönümü Sumqayıtda qeyd edilib.
Prezident İlham Əliyevin 2012-ci il 13 fevral tarixli Fərmanı ilə yaradılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ötən 5 ildə şərəfli inkişaf yolu keçib, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini verib.
Fevralın 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 5-ci ildönümü münasibətilə Sumqayıtda təntənəli tədbir keçirilib.
Əvvəlcə Xidmətin Sumqayıt şəhər idarəsinin əməkdaşları Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə tər güllər düzüblər. Sonra Heydər Əliyev Mərkəzi ilə tanışlıq olub.
Yubiley tədbiri Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının konfrans zalında davam edib.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Xidmətin Sumqayıt idarəsinin rəisi, polkovnik Natiq Qarayev qurumun fəaliyyətindən danışaraq bildirib ki, səfərbərlik hazırlığı və işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, xidmətə hazırlanması, müddətli həqiqi hərbi xidmətə çağırılmasının təşkili, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində bir sıra tədbirlər görülüb. N.Qarayev elektron xidmətlərin tətbiqində də ciddi nailiyyətlər əldə edildiyini vurğulayıb.
İdarə rəisi şəhər ictimaiyyətinin böyük maraqla qarşıladığı “Vətənin müdafiəsinə hazıram!” devizi ilə keçirilən silsilə tədbirlərdən də söz açıb. O, bu tədbirlərə cəlb olunan müharibə veteranlarının, əlillərin, şəhid ailələrinin, orta məktəb müəllimlərinin, əlaçı şagirdlərin vətənpərvərlik ruhunda çıxışlarının, fəal iştirakının ümumi işə faydasından bəhs edib. Bildirib ki, məktəblilər müntəzəm olaraq hərbi hissələrə aparılır, praktiki hərbi xidmətlə tanış edilir, zabitlik peşəsinə istiqamətləndirilir. Bu tədbirlərin nəticəsidir ki, sumqayıtlı gənclər hərbi xidmətə həvəslə yollanırlar.
Tədbirdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin şəhər bölməsinin rəhbəri Tərlan Hacızadə, müharibə veteranları, şəhid ailələrinin üzvləri çıxış edərək Xidmətin beş il ərzində gördüyü işləri yüksək qiymətləndiriblər.
Məktəblilər vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər.
Sonda xidmətdə fərqlənən hərbi qulluqçulara və əməkdaşlara Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomları, qiymətli hədiyyələr və pul mükafatları təqdim edilib.