Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

20 yanvar 2017 | 16:00

      Azərbaycan xalqının qan yaddaşına qəhrəmanlıq günü kimi əbədi həkk olunan 20 Yanvar faciəsinin 27-ci ildönümü Sumqayıt şəhərində  böyük izdihamla qeyd olunub. Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri səhər saatlarında Sumqayıtdakı şəhidlər memorial kompleksini ziyarət ediblər.
     Şəhidlərin xatirəsinə ucaldılmış 20 Yanvar abidəsi qarşısındakı Əbədi məşəl önünə gül dəstələrinin qoyulması ilə başlayan anım mərasimində faciə qurbanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
      Sonra mərasim iştirakçıları şəhərin Şəhidlər xiyabanında olmuş, şəhidlərin məzarları üzərinə qərənfillər düzüblər. Sumqayıt Cümə Məscidinin axundu şəhidlərin ruhuna dua oxuyub. 1990-cı ilin yanvar hadisələri zamanı, Sumqayıt-Bakı magistral yolunun 24-cü kilometrliyində, Ceyranbatan qəsəbəsi ərazisində şəhid olmuş sumqayıtlı alimlər – İbrahim İbrahimovun, İsmayıl Mirsaqulovun və Svetlana Məmmədovanın xatirə abidəsi də ziyarət edilib.
     20 Yanvar hadisəsi  xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. Keçmiş Sovet İmperiyası ordusu  qarşısına silahsız,  əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhramanları olublar. Bu faciəyə ilk hüquqi qiyməti Ulu öndər Heydər Əliyev verib. Onun səyləri ilə faciə qurbanlarının ailələri və 20 Yanvar əlilləri dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunublar. Ulu öndərin siyasi hakimiyyətə yenidən qayıdışından sonra 1993-cü ildə 20 Yanvar faciəsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində mühüm addımlar atılıb. Bu faciəyə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib. Bu gündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün şəhid ailələrinin problemlərini daim diqqətdə saxlayır və bunun üçün məqsədyönlü tədbirlər həyata keçirir.

Keçidlər