Ərdəbil vilayətinin valisi Sumqayıt şəhərində olub
Ərdəbil vilayətinin valisi Məcid Xudabəxşin başçılıq etdiyi nümayəndə heyəti Sumqayıt şəhərinə səfər edib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov nümayəndə heyətini qəbul edib.
Görüşdə nümayəndə heyətinin tərkibində ölkəmizdə səfərdə olan müxtəlif sahələrdə fəaliyyət göstərən 20-dən çox iş adamı iştirak edib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov nümayəndə heyətini salamlayaraq Azərbaycan və İran arasındakı əlaqələrin dostluq, mehriban qonşuluq prinsipləri əsasında yüksələn xətlə inkişaf etdiyini qeyd edib. Yeni əməkdaşlığın qurulması baxımından işgüzar görüşlərin əhəmiyyətini vurğulayan Zakir Fərəcov bu cür görüşlərin iş adamları arasında əməkdaşlığın inkişafına, ikitərəfli ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcəyini bildirib.
Son bir il ərzində Sumqayıt şəhərində həyata keçirilən layihələr və eləcə də şəhərdə biznes və investisiya imkanları barədə nümayəndə heyətinə ətraflı məlumat verilib.
Ərdəbil vilayətinin valisi Məcid Xudabəxş 25 il öncə Sumqayıt şəhərində səfərdə olduğunu, bu illər ərzində Sumqayıtın xeyli dəyişdiyini və inkişaf etdiyini bildirib. Məcid Xudabəxş qeyd edib ki, Ərdəbil və Sumqayıt şəhəri arasında iqtisadi-ticarət əlaqələri, eləcə də qarşılıqlı investisiyalar üçün böyük imkanlar mövcuddur.
Ərdəbil vilayətinin valisi Məcid Xudabəxş qonaqpərvərliyə görə şəhər rəhbərinə minnətdarlıq edib və Sumqayıt şəhərinə səfərlərindən məmnun qaldığını bildirib.