Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.

08 sentyabr 2016 | 16:00

    Müəllimlərin ənənəvi sentyabr konfransında Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Təhsil nazirinin müavini Ceyhun Bayramov, şəhərin ümumi təhsil məktəblərinin, məktəbdənkənar müəssisələrinin rəhbərləri və müəllimlər iştirak ediblər. 
    Konfransda Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Ruhiyyə Tağıyevanın məruzəsi dinlənilib. 2015-2016-ci dərs ilinin yekunlarını təhlil edən məruzəçi bildirilib ki, ötən müddət Sumqayıtın təhsil işçiləri üçün əlamətdar olub. Şəhərin yeni rəhbərliyinin təhsilə qayğısı və tələbkarlığı bütün pedaqoji kollektivlərin məsuliyyətini artırmaqla, onların fəaliyyətində ciddi dönüş yaradılmasına, nailiyyətlərin daha da artmasına səbəb olub.
     Sumqayıt Şəhər Təhsil Şöbəsinin təşəbbüsü ilə “Fənn aylıqları”nın keçirilməsi tədrisin keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərib. Fənn olimpiadalarında şagirdlər Sumqayıtı uğurla təmsil ediblər. Onlardan 22 nəfəri mükafata layiq yerlər tutub. “Sabahın alimləri” Beynəlxalq Layihə Olimpiadasında 41 sumqayıtlının layihəsi nümayiş etdirilib, onlardan 1-i gümüş, 9-u isə bürünc medala layiq görülüb.
    Ulu öndər Heydər Əliyevin nəsillərə nümunə olan həyat və fəaliyyətinə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin ilkin mərhələsində 5200-dən artıq şagird iştirak edib, respublika mərhələsində isə TET gimnaziyanın şagirdi Aytac Əliyeva 1-ci, İ.Qayıbov adına 1 nömrəli məktəbin şagirdi Aytən Hacıyeva 3-cü yeri tutublar.
     Qeyd edilib ki, tam orta təhsil səviyyəsində tədrisin təmayüllər üzrə davam etdirilməsi prosesinə pilot layihə kimi Sumqayıtın 5 məktəbində başlanıb. Növbəti ildə həmin layihəyə daha 4 məktəb daxil edilib. Sumqayıt şəhəri üzrə diaqnostik qiymətləndirmədə 4002 müəllim iştirak edib. Onlardan 3979-u müvəffəq nəticəyə nail olub.  Bu müəllimlərin əməkhaqqları iki dəfə artırılmaqla, dərs yükü norması 12-dən 18 saata çatdırılıb.
     Dərs ili ərzində Sumqayıt məktəblərinin maddi-texniki bazası gücləndirilib. Belə ki, 31 məktəbdə cari təmir aparılıb.
     Təhsil nazirinin müavini Ceyhun Bayramov konfrans iştirakçılarını və qonaqları salamlayıb, təhsil işçilərinə qarşıdan gələn yeni dərs ilində uğurlar arzulayıb. Nazir müavini müstəqil Azərbaycan dövlətinin ümummilli lideri Heydər Əliyevin siyasi təcrübəsi və müdrikliyi sayəsində formalaşdığını, ulu öndərin hər zaman təhsil sahəsinə diqqətlə yanaşdığını bildirib, təhsilin inkişafı üzrə həyata keçirilən tədbirlərdən danışaraq müəllimlərə nazirliyin tövsiyələrini çatdırıb.
      Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov konfransda çıxış edərək son illər təhsildə qazanılan uğurları dövlət qayğısının nəticəsi kimi dəyərləndirib. Şəhərdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən və keçirilməsi nəzərdə tutulan işlərdən danışıb. Keçən tədris ilində buraxılan nöqsanların aradan qaldırılması üçün tapşırıq və tövsiyyələrini verib. Qazanılan uğurlara görə pedaqoji kollektivləri təbrik edərək, onlara yeni dərs ilində uğurlar arzulayıb.
      Qabaqcıl təhsil işçilərinə icra hakimiyyətinin fəxri fərmanları təqdim olunub. .
      Konfransın sonunda iştirakçılar adından ölkə başçısı İlham Əliyevə müraciət qəbul edilib.

Keçidlər