Sumqayıt şəhərində 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri gününə həsr edilmiş bayram tədbiri keçirilmişdir.
26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibətilə Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə əsgər və zabitlərlə görüş keçirilmişdir. Tədbirin əvvəlində hərbi hissənin həyətində ümummilli lider Heydər Əliyevin büstü ziyarət olunub. Daha sonra Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanıb, əsgərlərlə söhbətlər aparıb. Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə zabit, gizir və əsgərləri təbrik edib və xalqımıza tezliklə qələbə sevinci arzulayıb.
Ölkəmizdə ordu quruculuğu tarixinə nəzər salınaraq bildirilib ki, bu il yaradılmasının 98-ci ildönümünü qeyd edən silahlı qüvvələrimizin Azərbaycan tarixində özünəməxsus yeri var.
Çıxışlarda qeyd edilib ki, son dövrlər cəbhə bölgəsində baş verən hadisələr, Ermənistan ordusunun təxribat xarakterli hücumları zamanı düşmənə göstərilən müqavimət, verilən qəti və kəskin cavablar Azərbaycanın güclü və qüdrətli orduya malik olmasını sözdə deyil, əməldə sübut etdi. Düşmən tərəfin bu namərdliyinə verilən layiqli cavab Azərbaycan Ordusunun yüksək əhval-ruhiyyədə və qələbə əzmində, həmçinin xalqla hakimiyyətin, xalqla ordunun bir yerdə olduğunu, eyni amal uğrunda əl-ələ verərək sıx birləşdiyini, ən əsası isə milli ruhun oyaq olmasının bariz nümunəsini ortaya qoydu.
Hərbi hissənin xidmətdə fərqlənən qulluqçuları təltif olunduqdan sonra meydanda təşkil edilən sərgiyə baxış keçirilib. Sərgidə nümayiş etdirilən müxtəlif növ təlim döyüş texnikası, əsgər yeməkləri, geyimləri barədə qonaqlara ətraflı məlumat verilib. Valideynlər hərbi hissədə əsgərlərə yaradılan şəraitlə tanış olublar.
Daha sonra tədbir incəsənət ustalarının iştirakı ilə təşkil olunmuş konsert proqramı ilə davam etdirilib.