Almaniyanın UNIPER (E.ON) şirkətinin prezidenti Klaus Şehferin rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt şəhərində olmuşdur.
25 may 2016-cı il tarixində SOCAR prezidenti Rövnəq Abdullayev Almaniyanın UNIPER (E.ON) şirkətinin prezidenti Klaus Şehferin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Sumqayıt şəhərində olmuşdur. Öncə SOCAR rəhbərliyi və qonaqlar Ümummilli lider Heydər Əliyevin “Azərikimya” İstehsalat Birliyinin Baş ofisindəki güşəsini ziyarət etmiş, Ulu öndərin büstü önünə gül-çiçək dəstələri düzmüşlər.
Sonra Birliyin Konfrans zalında SOCAR və UNIPER (E.ON) şirkətlərinin Koordinasiya Komitəsinin üçüncü iclası keçirilmişdir.
Görüş çərçivəsində həmçinin ilk layihə kimi “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda Buxar Generator Kompleksinin enerji effektivliyinin artırılması və əlavə enerji istehsal edilməsi məqsədi daşıyan yeni Buxar Turbogenerator qurğusunun tikintisi barədə İlkin Layihə Sazişi imzalanmışdır.
Sonra SOCAR rəhbərliyi, Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov , UNIPER (E.ON) şirkətinin nümayəndə heyəti görüş iştirakçıları ilə birgə Etilen-polietilen zavoduna yola düşmüşlər. Öncə ərazi ilə tanış olunmuş, sonra isə zavodun Buxar və elektrik enerjisi istehsalatı ərazisində tikilməsi planlaşdırılan yeni Buxar Turbogenerator qurğusunun təməlqoyma mərasimi keçirilmişdir.
Təməlqoyma mərasimindən sonra ərazidə ağacəkmə aksiyası keçirilmişdir.