Şriftin ölçüsü :

Saytın rəngi :

Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Stefen MakKormik Sumqayıta səfər edib.

12 may 2016 | 16:00

Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Stefen MakKormik Sumqayıta səfər edib. Sumqayıtla tanışlıq məqsədi daşıyan səfər çərçivəsində  Stefen MakKormik Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla görüşüb.
           Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov diplomata Azərbaycanın üçüncü böyük şəhəri olan Sumqayıtın tarixi, sosial və iqtisadi inkişafı, sənaye potensialı, şəhərdə son aylarda həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib.
           Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyətinə toxunan icra başçısı bildirib ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır: “Bir milyondan artıq soydaşımız dədə-baba torpaqlarından digərgin düşüb, qaçqın və məcburi köçkün həyatı yaşayır. İşğal nəticəsində öz doğma yurdlarından didərgin düşən insanlarımızın bir qismi də Sumqayıt şəhərində məskunlaşıb. Burada onlara dövlətin diqqət və qayğısı nəticəsində hər cür şərait yaradılıb və gələcəkdə də bu istiqamətdə işlər həyata keçiriləcək. Lakin, öz doğma yurdlarının həsrəti ilə yaşayan məcburi köçkünlər torpaqlarımızın tezliklə işğaldan azad olunacağına inanırlar.”
           Səmimi qəbula görə minnətdarlığını bildirən Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Stefen MakKormik Sumqayıt şəhəri ilə tanışlıqdan məmnun qaldığını bildirib, şəhərdə görülən işləri yüksək qiymətləndirib. Dağlıq Qarabağ problemindən danışan diplomat münaqişənin tezliklə sülh yolu ilə həll olunacağına ümid etdiyini bildirib. İki ölkə arasında iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini və bu əlaqələrin daha da genişləndirilməsi üçün qarşılıqlı marağın olduğunu vurğulayıb.

Keçidlər