Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhərində 2016-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

14 aprel 2016 | 16:00

Aprelin 14-də Sumqayıt şəhərində 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Tədbiri giriş sözü ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov açaraq bildirmişdir ki, son günlər erməni işğalçılarının təmas xəttində yerləşən mövqelərimizə təxribatçı hücumunun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınıb, hərbçilərimiz düşmənə layiqli cavab vermişdir.
Növbəti erməni təxribatının qarşısını alaraq qəhrəmancasına şəhid olan Azərbaycan hərbçilərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yığıncaqda 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat məruzəsi dinlənilmişdir.
Ötən üç ayda şəhər üzrə ümumi məhsul istehsalı və xidmətlərin həcmi 244,5 milyon manat olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 75,6 milyon manat və ya 44,8 faiz artım deməkdir. Sənaye müəssisələrində məhsul istehsalı 82 faiz artaraq 173,8 milyon manat təşkil edib. Bütün maliyyə mənbələri hesabına ayrı-ayrı sahələrin inkişafına 9 milyon manatdan çox investisiya yönəldilib.
Ayrı-ayrı sənaye sahələri üzrə məhsul istehsalı: kimya sənayesi üzrə -121,6 faiz ; yüngül sənaye - 125,0 faiz ; yeyinti sənayesi - 24,6 dəfə ; digər sahələr üzrə-4,8 dəfə ; energetika üzrə - 93,0 faiz olmuşdur.
Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov çıxışında bildirib ki, hesabat dövrü Sumqayıt şəhəri üçün uğurlu olub. Həyata keçirilən tədbirlər nəticəsində son 3 ayda 1933 yeni iş yeri açılıb. Ötən dövrdə 3297 nəfər ailə üzvü olan 848 ailəyə ünvanlı sosial yardım təyin edilmişdir. Regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən Prezident İlham Əliyevin hərtərəfli qayğısı sayəsində rüb ərzində Sumqayıtda əsaslı və kompleks yenidənqurma işləri görülüb.
Bundan əlavə, Heydər Əliyev və Azərbaycan küçələrində yerləşən, memarlıq baxımından xüsusi əhəmiyyət kəsb edən yaşayış binalarının fasadları və eyvanları da yüksək zövqlə üzlənib. Heydər Əliyev Mərkəzində, Şahmat və Musiqi Məktəbində son tamamlanma işləri aparılır, Sumqayıt Dövlət Dram Teatrı əsaslı şəkildə təmir olunur. Rüb ərzində şəhərdə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması istiqamətində kompleks tədbirlər davam etdirilib. Koroğlu küçəsində 4525 paqonmetr bardür düzülüb. Sülh küçəsi boyunca “Göyərçin” abidəsinə doğru ümumi uzunluğu 4 kilometr, eni 14 metr olan ikitərəfli yolda 3791 paqonmetr qranit səki daşı qoyulub, yolda tikinti işləri yekunlaşmaq üzrədir.
Ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan Sumqayıtın yeni Dənizkənarı Bulvar Kompleksində və Sahil parkında 3700 paqonmetr uzunluğunda istinad divarı tikilib, 4200 kilometr uzunluğunda yolun özülü tikilib, yerə tamet döşənib. Şəhərdə genişmiqyaslı yaşıllaşdırma işləri davam etdirilib, 49 min ağac, 82 min gül kolu, o cümlədən palma ağacları əkilib, müxtəlif ərazilərdə qazon salınıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sumqayıt və sumqayıtlılara onların problemlərinin həll olunmasında daim dəstək olmuşdur. İlin əvvəlində şəhərdə 100 binanın dam örtüyünün təmir olunmasına vəsait ayrılması üçün sərancam imzalamışdır. Şəhərin 17-ci və 18-ci mikrorayonlarında artıq 81 binanın dam örtüyünün yenidən qurulması işləri başa çatdırılmışdır. Bu sahədə işlər sürətlə davam etdirilir.
Elə həmin sərəncamla Sumqayıt şəhərində çoxmərtəbəli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə vəsait ayrılması növbəti dəfə onun sumqayıtlılara olan diqqət və qayğısından xəbər verir. Artıq 140 ədəd  yeni lift quraşdırılmışdır. Ayrılmış vəsait hesabına 60 ədəd lift yenisi ilə əvəz olunur və bu sahədə əhalinin problemləri tam həll olunacaqdır.
Şəhərin təhsil müəssisələrində tədrisin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra mühüm işlər görülmüş, nizam-intizam gücləndirilmiş, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi işi davam etdirilmişdir.
Tibbi müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, şöbə və struktur bölmələrin təchizatının yaxşılaşdırılması, inzibati binaların və həyətyanı sahələrdə abadlaşdırma işlərinin aparılması sahəsində tədbirlər görülmüş və hazırda bu işlər davam etdirilir. Onkoloji xəstəxana, 1 №-li polinklinka və 1 №-li Doğum evində əsaslı təmir işləri aparılır.
Hesabat yığıncağında qeyd olunub ki, Sumqayıt mühüm bir mərhələni, quruculuq və yeniləşmə mərhələsini yaşamaqdadır. Bu mərhələni fərqləndirən əsas amil görülən işlərin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən xüsusi diqqətdə saxlanılmasıdır. Görüləcək işlər çoxdur və tutduğu vəzifəsindən, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq  hamı bir nəfər kimi Sumqayıtın yeni standartlara çıxması, gözəl şəhərlərindən birinə çevrilməsi işlərində yaxından iştirak etməli, cənab Prezident İlham Əliyevin Sumqayıt və onun zəhmətkeş insanlarına olan böyük inamını şərəflə doğrultmalıyıq.
Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Keçidlər