Sumqayıt şəhərində Novruz bayramı ilə əlaqədar ümumşəhər bayram tədbiri keçirilib.
Novruz bayramı ilə əlaqədar Sumqayıt şəhərində ümumşəhər bayram şənliyi keçirilib.Bayram şənliyində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak etmişdir.
Sumqayıt şəhər sakinlərinin sevimli istarahət guşəsi olan Nəsimi adına mədəniyyət və istirahət parkı baharın gəlişi münasibətilə başdan-başa bayram libasına bürünmüşdür. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhər sakinlərini təbrik edərək, bayram tonqalını qalamışdır.
Dədə Qorqud və bahar qız xeyir-dua verərək, Novruz bayramının xalqımıza uğur, bol ruzi-bərəkət gətirməsini arzulayıb, milli geyimli uşaqlar meydanda rəqs ediblər.
Səməni və digər Novruz atributları ilə bəzədilən parkda Novruzun personajları olan Kosa və Keçəlin iştirakı ilə qədim xalq rəqsləri və oyunlar, idmançıların və kəndirbazların müxtəlif nömrələri mərasim iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbir iştirakçıları xalqımızın əsrlər boyu qoruyub saxladığı milli-mənəvi dəyərləri özündə əks etdirən səhnələrə, milli geyimlərimizin, mətbəximizin, xalq yaradıcılığının və sənətkarlığının ən gözəl nümunələrinə tamaşa etdilər.
Bayram şənliyi konsert proqramı ilə başa çatdı.