Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda uzun illər şəhərin nəqliyyat sisteminin formalaşmasında xidmətləri olan Sahib Qarayevin xatirəsi əbədiləşdirilib

25 sentyabr 2021 | 16:00

Bu gün Sahib Qarayevin şəhərin 30-cu məhəlləsində yaşadığı binada xatirə lövhəsinin açılış mərasimi keçirilib.
Mərasimdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Qubadlı rayon icra Hakimiyyətinin Başçısı Malik İsaqov, mərhumun oğlu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsinin rəisi, general-mayor Natiq Qarayev və şəhər ictimaiyyəti iştirak edib.
Çıxışlarda Sahib Qarayevin həyat fəaliyyətində, əldə etdiyi uğurlardan və şəhər üçün gördüyü işlərdən danışılıb.
Bildirilib ki, S. Qarayev 25 sentyabr 1941-ci ildə Qubadlı rayonunun Çərəli kəndində anadan olub. 1959-cu ildə Hal kənd orta məktəbini bitirdikdən sonra Sumqayıt şəhərinə gəlib, “Sintezkauçuk” zavodunda çilingər peşəsi üzrə əmək fəaliyyətinə başlayıb.
1960-cı ildə Azərbaycan Politexnik İnstitutuna qəbul olub və istehsalatdan ayrılmadan ali təhsil almış, mühəndis-mexanik ixtisasına yiyələnib.
1967-ci ilə kimi həmin zavodda usta, növbə rəisi vəzifələrində çalişıb. 1967-ci ilin avqust ayından 1969-cu ilin aprel ayına kimi Sumqayıt Yük Avtomobil Bazasında avtodəstə rəisi, 1969-cu ildən 1972-ci ilə kimi Sumqayıt Sərnişindaşınma Avtobazasının baş mühəndisi, sonra rəisi, 1972-1975-ci illər Sumqayıt Sərnişindaşınma Avtobazasının müdiri, 1975-ci ildən 1982-ci ilin dekabr ayına qədər Sumqayıt Şəhər Avtonəqliyyat İstehsalat Birliyinin rəisi vəzifəsində işləyib.
1982-ci ilin dekabr ayında Sahib Qarayev Bakı şəhərindəki Avtomobil Bazanın rəisi vəzifəsinə təyin edilib, 1985-ci ilin mart ayına qədər bu vəzifədə işləyib. Həmin ilin mart ayında o, yenidən Sumqayıt şəhərinə dəvət edilib və Avtonəqliyyat İstehsalat Birliyinin Baş direktoru vəzifəsinə təyin edilib. 1987-ci ilin sentyabr ayından 1988-ci ilin oktyabr ayına qədər Bakı Taksi Nəqliyyat idarəsi Baş direktorun müavini, 1988-ci ilin oktyabr ayından 1989-cu ilin sentyabr ayına qədər Bakı şəhəri 2 saylı Taksimotor parkının direktoru, 1989-cu ilin sentyabr ayından 1997-ci ilin yanvar ayına qədər Sumqayıt Avtokombinatının direktoru vəzifəsində işləyib.
1997-ci ilin yanvar ayından Azərbaycan Avtonəqliyyat Dövlət Konserninin nəzdində Sumqayıt Avtonəqliyyat İstehsalat Birliyinin Baş direktoru, 1999-cu ilin yanvar ayında səhmdar cəmiyyətin yaradılması ilə əlaqədar Sumqayıt Avtonəqliyyat Səhmdar Cəmiyyətinin sədri, 2001-ci ilin yanvar ayında Sumqayıt Şəhər Nəqliyyat Departamentinin sədri, 2002-ci ilin may ayında Sumqayıt Şəhər Lisenziyalaşdırma İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Sumqayıt Şəhər Lisenziyalaşdırma İdarəsinin ləğvi ilə əlaqədar 2002-ci ilin sentyabr ayından “Sumqayıt Sərnişin” ASC-nin sədri vəzifəsinə başlayıb, ,ömrünün sonuna qədər həmin vəzifəni daşıyıb.

1976-ci ildən ardıcıl olaraq Sumqayıt Şəhər Sovetinin deputatı, 1999-cu ildən özünüidarəetmə orqanına- şəhər bələdiyyəsinə üzv seçilib, Rabitə və nəqliyyat məsələləri üzrə Komissiyanın sədri, Sumqayıt şəhər Ağsaqqalar şurasının sədr müavini, uzun müddət Nəqliyyat Nazirliyində Kollegiya üzvü olub.

Sahib Qarayev “Şərəf nişanı” ordeni, “Əmək veteranı” medalı, “Sosialist Müsabiqəsi Qalibi” nişanı ilə təltif edilib. O, ictimai fəallığına və fəaliyyətinə görə bir çox fəxri fərmanlara, mükafatlara, diplomlara layiq görülüb.
19 sentyabr 2014-cü ildə Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.
S. Qarayev 2015-ci ildə vəfat edib.

Keçidlər