Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Azərbaycan çox böyük gücə çevrilib

24 iyul 2020 | 16:00

Bu gün  pandemiya ilə əlaqədar olaraq dünya iqtisadiyyatı dərin tənəzzül dövrünü yaşayır. Bu böhranın nə qədər davam edəcəyi hələ də qeyri müəyyən olaraq qalır. Hazırda virus dünyanın 200-dən çox ölkəsinə yayılmaqla bu ölkələrin iqtisadiyyatına, insanların sağlamlığına, sosial rifahına təhdid yaratmaqdadır.  Bununla yanaşı neftin qiyməti bir neçə dəfə aşağı düşüb və ölkəmizin gəlirləri buna uyğun olaraq azalıb. Buna baxmayaraq ölkəmizdə heç bir sosial layihə ixtisar edilməyib.
Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması zamanı Prezidenti İlham Əliyev bu məsələlərlə  bağlı çox mühüm mesajlar verdi.

SOSİAL SAHƏDƏ HEÇ BİR İXTİSAR OLMAYACAQ!

Şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb.  8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib və 7 minə yaxın avtomobil verilibdir. Bu il 1500 şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilir və ediləcəkdir. Bütün mənzillər ən yüksək keyfiyyətlə tikilən yeni evlərdədir. Eyni zamanda, əlillər üçün 400 avtomobil də nəzərdə tutulur və beləliklə, bu il bu sahədə ən böyük göstəriciyə nail olunub.
Bu il 7 mindən çox məcburi köçkün ailəsi mənzillərlə təmin ediləcək. Özəl sektor da artıq fəaldır və bu il “Kapital Bank” 68 mənzili öz vəsaiti hesabına bu kateqoriyadan olan insanlara təqdim edib, özəl şirkət – “Paşa Holdinq” tərəfindən onun vəsaiti hesabına Qobu qəsəbəsində məcburi köçkünlər üçün 3 şəhərcik inşa edilib və orada artıq 4 minə yaxın köçkün ailəsi məskunlaşıb. Bu, həm ölkəmizdə vətəndaş həmrəyliyinin, dövlət siyasətinin təzahürüdür, dövlət və özəl sektor tərəfindən bu kateqoriyadan olan insanlara qayğının əlamətidir.
Sosial xərclərin içində şəhid ailələrini, müharibə əlillərini, müharibə veteranlarını, məcburi köçkünləri əhatə edən çox böyük proqramlar icra olunur.
Sosial sahədə çox böyük işlər görülür. Keçən il şəhid ailələrinin müavinəti 20 faiz artırılıb - 250 manatdan 300 manata çatdırılıb. Köçkünlər üçün müavinətlər 50 faiz artırılıb, bəzi müavinətlər 100 faiz artırılıb. Bu il pandemiya dövründə təqribən 5 milyona yaxın insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub. Bu il pensiyalar orta hesabla 27 faiz, orta əməkhaqqı 25 faiz artıb. Bu il  90 min insan ödənişli ictimai iş yerləri ilə təmin ediləcək.

BUNDAN SONRA DA DÜŞMƏN TƏXRİBATINA LAYİQLİ CAVAB VERİLƏCƏK!

Neftin qiymətinin azalmasına Ermənistan sevinir, çünki başa düşürlər ki, Azərbaycanın gəlirləri azalacaq və Ermənistan da bundan faydalanacaq. Özünü milli şura adlandıran, əslində, antimilli qruplaşma kimi fəaliyyət göstərən dəstə də sevinir, istəyirlər ki, Azərbaycan onların dövründəki kimi Ermənistan qarşısında aciz, gücsüz qalsın.
Bu yaxınlarda Ermənistanın hərbi təxribatı nəticəsində şəhidlərimiz olub, qan tökülüb, o cümlədən mülki vətəndaş həlak olub. Ermənistan ordusu Tovuz istiqamətində bizim mövqelərimizi, torpaqlarımızın bir hissəsini zəbt etmək üçün namərdcəsinə, qəflətən artilleriya hücumu təşkil edib və bunun nəticəsində hərbçilərimiz həlak olub, yaralanıb. Qisas əməliyyatı nəticəsində onlarla düşmən, onların texnikası məhv edilib.
Bizim hərbi qələbəmizi qeyd etmək üçün minlərlə insan küçələrə çıxdı, minlərlə insan dövlətə, orduya dəstək göstərdi. Ancaq Azərbaycan Xalq Cəbhəsinin üzvləri bundan istifadə edib iğtişaş yaratmağa cəhd etdilər, bu əməlləri törədən heç bir adam məsuliyyətdən qaça bilməyəcək. Öz xalqına, öz Vətəninə bağlı olan adam müharibə gedən vaxtda bunu etməz.

ÖLKƏ VƏTƏNDAŞLARI PREZİDENTİN ÇAĞRIŞINA QOŞULUR!

İndi Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü iqtidarı var, Azərbaycan iqtidarının güclü iradəsi var və ən önəmlisi xalqın dəstəyi var. Prezident hər gün minlərlə məktub alır, vətəndaşlar öz dəstəyini ifadə edirlər, həmrəyik ifadə edirlər, orduda xidmət etmək istəyirlər. Birinci gün cəmi 150 nəfər könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məntəqələrinə gəlmişdisə, Prezidentin çağırışından bir həftə keçməmiş əlli minə yaxın insan yazılıb.

BEYNƏLXALQ İCTİMAİYYƏT AZƏRBAYCANI DƏSTƏKLƏYİR!

Bu günlərdə heç vaxt olmadığı qədər - nə 1990-cı illərin əvvəllərində ki, müharibə gedirdi, nə də başqa dövrdə, - çox güclü beynəlxalq dəstək gördük. Ilk dəstək Türkiyədən gəldi. Türkiyənin Prezidenti, Müdafiə naziri, Xarici İşlər naziri, parlament üzvləri, ictimai xadimlər Azərbaycana birmənalı dəstək göstəriblər.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Azərbaycana dəstək göstərmişdir. Bu təşkilatda beş ölkə fəaliyyət göstərir - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan. Onlar bu təşkilatın üzvləridir və Azərbaycana birmənalı dəstək göstəriblər. Qoşulmama Hərəkatı burada 120 ölkə cəmləşir - birmənalı Azərbaycanı dəstəklədi.
57 ölkə birləşdirən İslam Əməkdaşlıq Təşkilatı bizə birmənalı dəstək oldu. Ermənistan bütün müsəlman aləminə məxsus olan ibadət yerlərini dağıdır, məhv edir, təhqir edir. Buna görə də necə ki, biz bütün müsəlman ölkələri ilə həmrəyik, onlardan da eyni münasibət gözləyirik. Xüsusilə belə həssas günlərdə, həssas məsələdə ki, Ermənistan bizə hücum edib, bizim mövqelərimizi zəbt etmək istəyir, bizim hərbçilərimizi, mülki vətəndaşları öldürüb, kəndlərimizi dağıdıb.
Azərbaycan Ermənistana başından güclü zərbə vurandan sonra onlar dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qaçdılar ki, bunları müdafiə eləsin. Tələb edirdilər ki, KTMT Azərbaycanı qınayan bəyanat versin. Buna nail ola bilmədilər, heç bir bəyanat verilmədi. Sadəcə olaraq, bu hadisə ilə bağlı ümumi sözlərdən ibarət bir şərh verildi.
KTMT-nin 6 üzvündən 3-çü beynəlxalq təşkilatlar yolu ilə Azərbaycana dəstək göstərdilər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında, eyni zamanda, KTMT-da üzv olan Qazaxıstan və Qırğızıstan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası vasitəsilə bizə dəstək oldular. Belarus Qoşulmama Hərəkatında təmsil olunur. O da Qoşulmama Hərəkatının bəyanatına qoşularaq bizə dəstək oldu. Yəni, altı ölkədən üçü Azərbaycanı birmənalı şəkildə dəstəklədi.

Bütün bu məsələlər bir daha onu göstərir ki, bu gün Azərbaycan həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm mənfur qonşu ilə mübarizədə çox böyük bir gücə çevrilib.
Ölkə rəhbərinin bu fikirləri vətəndaşlarımızda taməminlik yaradır: “Azərbaycan xalqı tam əmin ola bilər ki, Azərbaycanın müstəqilliyi, azadlığı, insanların rifahı və ölkəmizin güclənməsi daim diqqət mərkəzində olacaq. Bizim üçün bir nömrəli milli məsələ - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir”.

Keçidlər