Şriftin ölçüsü :

Saytın rəngi :

İkinci Azərbaycan Elm Festivalı işini Sumqayıtda davam etdirib.

02 noyabr 2016 | 16:00

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşəbbüsü ilə keçirilən ikinci Azərbaycan Elm Festivalı noyabrın 2-də işini Sumqayıtda davam etdirib.
Əvvəlcə tədbir iştirakçıları festival çərçivəsində Sumqayıt Dövlət Dram Teatrında təşkil edilən sərgi ilə tanış olublar.
Festivalın təşkilatçılarına minnətdarlığını bildirən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov deyib ki, müasir dövrdə hər bir dövlətin, xalqın gələcəyi və inkişaf səviyyəsi onun malik olduğu elmi-mədəni potensialla ölçülür. Danılmaz faktdır ki, Azərbaycan cəmiyyəti və eləcə də Azərbaycan elmi XX əsrdə böyük inkişaf yolu keçib. Ölkəmizin dünyaya yaxından inteqrasiya olunmasını və beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilməsini əsas məqsəd kimi seçən ümummilli lider Heydər Əliyev təhsil islahatlarının aparılmasının önəmini daim vurğulayıb, hər bir cəmiyyətin inkişafının elm və təhsildən asılı olduğunu qeyd edib. Dövlət müstəqilliyimizin bərpasından sonra bu sahəyə olan xüsusi diqqət və qayğı müvafiq istiqamətdə müsbət nəticələr əldə etməyə imkan verib. Belə ki, Ulu Öndərin təhsil və elm sahəsində apardığı məqsədyönlü siyasət artıq real şəkildə özünün müsbət təzahürünü göstərməkdədir. Elm və təhsil cəmiyyətin xüsusi intellektual cəhətini əks etdirən sahələrdir. Hazırda müdrik rəhbər Heydər Əliyevin bu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov bildirib ki, ölkəmizdə elm festivallarının keçirilməsi artıq bir ənənəyə çevrilib. Oktyabrın 31-də öz işinə başlayan ikinci Azərbaycan Elm Festivalı ölkəmizin aparıcı elm və təhsil müəssislərində keçirilir. Festivalın keçirilməsinin əsas məqsədi elmimizin bugünkü nailiyyətlərini geniş ictimaiyyətə tanıtmaq, müasir elmi bilikləri təbliğ etməkdir. Hazırda ölkəmizdə elmin inkişafına göstərilən diqqət nəticəsində bu sahə gündən-günə genişlənməkdədir. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə elm və təhsilin inkişaf etdirilməsi dövlət siyasətimizin prioritet istiqamətlərindən olub. Hazırda Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin müvafiq sahəyə göstərdiyi xüsusi diqqət və qayğı göz qabağındadır.
Rəhbərlik etdiyi bölmənin fəaliyyətindən söz açan Ə.Əmiraslanov diqqətə çatdırıb ki, son illərdə molekulyar biologiya, biotexnologiya sürətlə inkişaf etməkdədir. Bu kimi sahələrin inkişafı yeni elm sahələrinin yaranmasına gətirib çıxarır.
Akademik, həmçinin müasir reproduktiv sağlamlıq problemlərindən, bu sahədə əldə olunan nailiyyətlərdən bəhs edib.
Tədbirdə AMEA-nın Polimer Materialları İnstitutunun direktoru vəzifəsini icra edən, akademiyanın müxbir üzvü Bəxtiyar Məmmədov, Sumqayıt Dövlət Universitetinin rektoru, professor Elxan Hüseynov, “Azərikimya” İstehsalat Birliyinin icraçı direktorunun müavini, biologiya elmləri üzrə fəlsəfə doktoru Vüqar Kərimov festivalın keçirilməsinin əhəmiyyətindən danışıb, elmimizin nailiyyətlərinin təbliğində bu cür tədbirlərin mühüm rolunu xüsusi vurğulayıblar.
Konsert proqramı ilə davam etdirilən tədbirdə ABŞ-ın məşhur “Acidic Band” musiqi qrupunun ifası maraqla qarşılanıb. Festival çərçivəsində iştirakçılar Sumqayıtdakı Heydər Əliyev Mərkəzi, Sumqayıt Texnologiyalar Parkı, bu şəhərdə fəaliyyət göstərən muzeylər, mədəniyyət müəssisələri ilə tanış olublar.

Keçidlər