Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda yüksək nəticələr əldə etmiş məzunlarla görüş keçirilib.

09 sentyabr 2016 | 16:00

Sentyabrın 9-da Sumqayıt Şəhər İcra Hakimiyyətində bu il ali məktəblərə qəbul imtahanları zamanı yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlarla görüş keçirilib. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov görüşdə tələbə adını qazanmış məzunları, onların müəllimlərini və valideynləri təbrik edib. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanda müasir təhsil sistemi yaradılıb və hazırda bu sahə yeni inkişaf mərhələsini yaşayır. Diqqətə çatdırılıb ki, bu siyasət hazırda dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir, təhsil işçiləri üçün hər cür şərait yaradılır. Həyata keçirilən təhsil islahatının uğurla başa çatdırılmasında şəhərin pedaqoji kollektivi də yaxından iştirak edir.
Zakir Fərəcov gənclərə biliklərə dərindən yiyələnməyi, dövlətçiliyə, Vətənə sadiq vətəndaş olmağı tövsiyə edib.
Qeyd olunub ki, ötən dərs ilini əla qiymətlərlə başa vuran şagirdlərin sayı əvvəlki illə müqayisədə artaraq 9879 nəfərə çatıb. Beş məzun qızıl medala layiq görülüb. Şəhər üzrə keyfiyyət göstəricisi 62,7 faiz olub ki, bu da əvvəlki dərs ilinə nisbətən 2 faiz çoxdur. Təbiət Elmləri Təmayüllü Gimnaziya 100 faiz, Texniki Təmayüllü Elmlər Liseyi 95,7 faiz, “İstedad” və “Təfəkkür” liseylərində 90 faizdən çox məzun tələbə adını qazanıb. Şəhərin 11 nömrəli məktəbinin məzunlarından 82 faizi ali məktəblərə qəbul olub, 1, 4, 9, 21 və 27 nömrəli məktəblər də ilk onluqda yer alıblar. Sumqayıt məzunlarının hər 6 nəfərdən biri 500-dən, hər 15 nəfərdən biri isə 600-dən yuxarı bal toplayıb. 138 məzunun göstəricisi 600 baldan, 44 məzunun göstəricisi isə 650 baldan yuxarı olub.
Ali məktəblərə yüksək balla qəbul olan tələbələr onlara bəslənən ümidləri doğruldacaqlarına söz veriblər.
Valideynlər və müəllimlər tələbə adını qazanmış gəncləri təbrik edərək onlara uğurlar arzulayıb, ölkəmizdə təhsilin inkişafına, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda ali məktəblərə qəbul imtahanları zamanı yüksək bal toplayan məzunlara qiymətli hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Keçidlər